Yanvarın 19-da Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında Vergi və İnzibati Xətalar məcəllələrinə, “Əmanətlərin sığortalanması haqqında” və “Valyuta tənzimi haqqında" qanunlara dəyişikliklər müzakirə edilib.
Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, növbədənkənar sessiyanın məqsədi iqtisadiyyatı yaxşılaşdırmaq üçün daxil olan qanun layihələrini qəbul etməkdir.
“Valyuta tənzimlənməsi haqqında” qanuna nəzərdə tutulan düzəlişlər investisya qoyuluşu, qiymətli kağızlar, daşınmaz əmlak və torpağın alınması məqsədilə bir il ərzində ölkədən xaricə çıxarılan 50 min dollardan yuxarı valyutanın həcmindən 20% alınmasını nəzərdə tutur. Bu, müalicə, təhsil, xaricdə məhkəmə qərarının icrasına aid deyil.
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib ki, hökumət fevralın 1-dən bank əmanətlərinin sığortalanmasına məhdudiyyətin götürülməsini təklif edir. İndiyədək sığorta yalnız 30 min manat və ya dollara qədər məbləğə aid idi.
E.Rüstəmov deyib ki, manatla əmanətlər üzrə faiz dərəcəsi valyutada olduğundan yuxarı olacaq.
Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunda göstərilir ki, "Vergilər Məcəlləsinin" 102.1.22. maddəsi fevralın 1-dən etibarən aşağıdakı kimi olacaq.
"2016-cı il fevralın 1-dən etibarən 3 il müddətində yerli bank və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri vergidən azad edilir.
Hazırda qüvvədə olan maddəyə görə, yerli bank və xarici bankın Azərbaycandakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 manatadək olan hissəsi gəlir vergisindən azad edilir.
Mərkəzi Bankın sədri Elman Rüstəmov həmçinin jurnalistlərə bildirib ki, Azərbaycanın bank sektorunda konsolidasiya 5-7 banka şamil edilə bilər.
Onun sözlərinə görə, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası bu məsələ üzrə ciddi iş aparır.
"Bu həssas məsələdir, çünki bu banklarda əhalinin əmanətləri yerləşib. Hazırda həll etməli olduğumuz əsas məsələ əmanətlərin sığortalanmasıdır. Bu məsələdə heç bir diskomfort yoxdur, çünki banklar birləşəndə iri olurlar".
E.Rüstəmov qeyd edib ki, Azərbaycanda bankların konsolidasiyası prosesinə beynəlxalq maliyyə təşkilatları, eləcə də Beynəlxalq Maliyyə Korporasiyası və Avropa Yenidənqurma və İnkişaf Bankı da maraq göstərir.
"Bu bankların sağlamlaşmasına gətirib çıxaracaq. Hesab edirəm ki, konsolidasiya bank sahibləri və əhalinin də maraqlarına uyğundur".
Rüstəmov həmçinin bildirib ki, Azərbaycan hökuməti 5000 dollara qədər olan kreditlər üzrə borcların 1 dollara görə 1,05 manat məzənnəsi ilə ödənilməsi məsələsini nəzərdən keçirir.
Onun sözlərinə görə, köhnə məzənnə ilə yeni məzənnə arasındakı fərq üçün kompensaiya 250 milyon dollar təşkil edə bilər.
Mərkəzi Bankın sədri deyib ki, artıq mübadilə əməliyyatları bankların daxilində aparılır və bu amil ajiotajın aradan qalxmasına səbəb olacaq.
“Dolların məzənnəsinin 2 manata qədər yüksələcəyi barədə xəbərlər əsassızdır”, o qeyd edib.
E. Rüstəmov əlavə edib ki, bəzi möhtəkirlərin vəziyyətdən sui-istifadə etməməsi üçün ölkədə 200-dək valyutadəyişmə məntəqəsi ləğv edilib.
Manatın bugünkü məzənnəsini sərt eniş adlandıran E. Rüstəmov deyib ki, neftin qiyməti 25-30 dollar ətrafında proqnozlaşdırıldığından makroiqtisadi sabitlik üçün iqtisadiyyat neftin qiymətinə uyğunlaşdırılmalıdır.
Milli Məclisin iqtisadi siyasət komitəsinin rəhbəri Ziyad Səmədzadə bildirib ki, Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsinə yenidən baxılacaq.
O, bunu neftin qiymətinin enməsi ilə əlaqədar ölkənin gəlirlərinin azalması ilə izah edib.
Z.Səmədzadənin fikrincə, iqtisadi planlar və xərclər dəqiqləşdirilməli, cari xərclər azaldılmalıdır.
2016-cı ilin dövlət büdcəsi neftin bir bareili 50 dollara olmaqla hesablanıb.
Deputat Elmira Axundova isə bildirib ki, hazırda Azərbaycanda əhali nağd manat kütləsinin dollara çevrilməsində problemlərlə üzləşib.
"Mərkəzi Bank valyuta məzənnəsini elan etsə də, banklarda dollar tapılmır. İnsanlar bankrlarda manatı dollara çevirə bilmir. Lakin "qara bazar"da var. Bu əməliyyatlar dayandırılmalıdır".
Deputat hesab edir ki, seçiciləri əsas düşündürən məsələ mikrokreditlərə bağlıdır.
“Rusiyada Konstitutsiya Məhkəməsi əhaliyə dayaq durub, kreditləri kiçik məzənnə ilə ödənilməsi təklifini irəli sürüb. Bizdə də bir qərar qəbul edib, insanları xəbərdar etmək lazımdır. Camaat gərginlikdə yaşayır, gərək bu, nəzərə alınsın", deputatqeyd edib.
O, həmçinin, gömrük məhdudiyyətlərinin aradan qaldırılmasının sahibklarlığın inkişafı üçün önəmli olduğunu bildirib.
"Gömrük məhdudiyyətini yenidən qaytardıq. Yenə də gömrük rüsumlarının artırılması ilə bağlı söhbətlər yayılır. Xarici qəzet-jurnallara 18% ƏDV tətbiq edilib. Xarici dillərdə çıxan jurnallara əsasən ziyalılar abunə olur. Ona görə də bu qərarla ziyalı təbəqəsini mənəvi qidadan məhrum edirik".
Milli Məıclisin sədri Oqtay Əsədov deputatla razılaşmayıb. Onun dediyinə görə, Rusiya Konstitutsiya Məhkəməsinin verdiyi qərar yerinə yetirilməyən qərardır.
"Ödənilməyən qərarı niyə qəbul etməliyik. Rusiya o qərarı qəbul etsə də, maraqlansanız görərsiz ki, qərar yerinə yetirilməyib", sədr qeyd edib.
Əsədov hesab edir ki, Azərbaycanda əhalinin dollarla aldığı kreditlərin ödənilməsi ilə bağlı səslənən təklifləri həll etmək üçün ilk növbədə bankların stabilləşməsi təmin edilməlidir.
"Əvvəlcə bankları stabilləşdirək. Siz hər şeyi birdən istəyirsiniz. İndi böhrandır. Əvvəlcə banklar normal işləsin, əmanətlər alsın, kredit məsələsinə sonra baxarıq, gələcək perspektivə baxarıq", spiker bildirib.
Deputat Əli Məsimli qeyd edib ki, dollarla krediti olanların məsələsi gündəmdədir.
"Bunun bütün ağırlığını bir qurumun üzərinə atmaq olmaz. Bunu 4 yerə bölməklə həll etmək olar. Mərkəzi Bank, kommersiya bankları, hökumət və əhali arasında bölüşdürülməlidir. Konstitusiya Məhkəməsinin qərarına yenidən baxılmalıdır. Çünki kommersiya banklarındakı pulun 70%-i əhalinindir", deputat qeyd edib.
Deputat Qüdrət Həsənquliyev qeyd edib ki, sahibkarların güzəştli kreditləşdirilməsi üçün 2016-cı ilin dövlət büdcəsində nəzərdə tutulan 250 mln. manat olduqca az məbləğdir.
"Xaricdən 1-2 mlrd. manat gətirib banklarda yerləşdirmək lazımdır. Buna nəzarəti isə İqtisadiyyat Nazirliyinə vermək olar. Sahibkarlara 2,25 mlrd. manat vermək lazımdır".
Həsənquliyev hesab edirik ki, Türkiyə ilə, o cümlədən Avropa ölkələri ilə viza rejimi aradan qaldırılmalıdır.
"Bu, həmin ölkələrin vətəndaşlarının gəlib Azərbaycanda valyuta xərcləməsinə və turizmin inkişafına təkan verməsinə kömək edər”.
Deputatın fikrincə, özəlləşdirmə prosesi çox sürətlə həyata keçirilməlidir.
“Dövlət ali təhsil müəssisələri, tibb müəsissələri və digər müəssisələr özəlləşdirilməlidir ki, dövlətin yükü azalsın. "Azərışiq", "Azəriqaz", AZAL kimi dövlət müəssisələrinin hamısının özəlləşdirilməsinin vaxtı çoxdan çatıb”, o qeyd edib.
Deputat Azay Quliyev böhranın mənfi təsirlərinin və risklərinin minumuma endirilməsi üçün ölkə prezidentinin son günlər çox önəmli addımlar atdığını bildirib.
“Bunun üçün hətta, indiyədək görünməmiş radikal dövlət strukturu dəyişikliyinə gedilir. Böhranın təsirilərini azaltmaq üçün ciddi hüquqi baza yaradılır. İslahatlara mane olan rüşvət, korrupsiya, monopoliya, sabotaj hallarının təcili surətdə aradan götürülməsi üşün hüquq-mühafizə orqanlarının səlahiyyətlərini artırılır. Maliyyə-iqtisadi və ərzaq kimi ən vacib sahələrdə təxirəsalınmaz əməli addımlar atır. Struktur islahatları çərçivəsində ötən il ərzində bir neçə dövlət qurumu ləğv edildi. Ölkədə azad sahibkarlığın inkişafına mane olan yoxlamalar dayandırıldı. Lisenziyaların verilməsi qaydaları sadələşdirildi, lisenziya verilən fəaliyyət növlərinin sayı azaldıldı. Gömrükdə şəffaflığın artırılması, inhisarçılığın aradan qaldırılmasını təmin edən qərarlar qəbul olundu. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da sərt şəkil aldı və bəzi səlahiyyət sahibləri öz qanunsuz əməllərinə görə məsuliyyətə cəlb olundu. Süni qiymət artıranlara qarşı sərt mübarizə mexanizmlərindən istifadə olunaraq daxili bazar nəzarətdə saxlanıldı. Çörəyin, unun, ərzaq məhsullarının qiyməti aşağı salındı", Quliyev qeyd edib.