Milli Şuranın 19 oktyabr mitinqindən əvvəlki günlərdə və aksiya zamanı yüzlərlə fəal saxlanılıb. Onlarla fəal inzibati qaydada və bir fəal cinayət ittihamı ilə həbs edilib.
Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyası məlumat yayıb.
30-dək AXCP fəalı, o cümlədən AXCP sədrinin müavini Seymur Həzi, İlham Hüseyn və AXCP gənclər təşkilatının sədri Emil Səlim inzibati qaydada 15 gündən 60 günə qədər həbs edilib.
19 oktyabr mitinqinin keçirildiyi zaman hələ oktyabrın 18-də saxlanılmış daha üç nəfər inzibati həbs cəzası çəkirdi.
Bundan başqa, AXCP fəalı Paşa Ümidova Cinayət Məcəlləsinin 234.2-ci (qanunsuz narkotik dövriyyəsi) maddəsi ilə cinayət ittihamı irəli sürülüb.
Digər fəallar qısa müddətlik saxlanılıb və onlara mitinqdə iştirakın yolverilməz olduğu barədə xəbərdarlıq edilib.
Müsavat Partiyasının məlumatına görə, mitinqlə bağlı bu qurumun 36 fəalı saxlanılıb. Onlardan 3 nəfəri inzibati həbsə məhkum edilib, digərləri isə xəbərdarlıq edilərək sərbəst buraxılıb.
Partiyalar 19 oktyabr mitinqində iştiraka görə saxlanılanların və həbs edilənlərin tam siyahısının dəqiqləşdirilməkdə olduğunu bildirib.
Həbs edilənlər arasında Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu, keçmiş siyasi məhbus Rüfət Səfərov da var.
Partiyaların mətbuat xidmətləri saxlanılanların AXCP lideri Əli Kərimli kimi fiziki zorakılığa məruz qoyulduğundan ehtiyatlanır.
Bakı Şəhər Baş Polis İdarəsi məlumatında isə deyilir ki, Milli Şuranın qanunsuz aksiyasının təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanılıb.
“Onlardan 18 nəfərin əməlləri ərazi polis qurumlarında müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün məhkəmələrə göndəriləcək. İzahatları alınmış daha 42 nəfər hüquqa zidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıb.”