Accessibility links

Milli Şura növbədənkənar parlament seçkilərini boykot etdi


Demokratik Qüvvələrin Milli Şurası, dekabrın 9-da gələn il keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərini boykot haqqında qərar qəbul edib.

Bu barədə Amerikanın Səsinə Milli Şuranın üzvü olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi bildirib:

“Seçkiqabağı mühitin yaxşı olmaması, bütünlükdə Azərbaycanda seçki adına hər hansı imkanının olmaması, seçki qanunvericiliyinin bərbad vəziyyətdə olması, il ərzində toplaşma azadlığının kobud şəkildə pozulması, insanların sərbəst şəkildə fikirlərini ifadə etməsinə imkan verilməməsi aşkar şəkildə göstərir ki, bu seçki əvvəlkilərlə heç nə ilə fərqlənməyəcək. Milli Şura hesab edir ki, Azərbaycan xalqının iradəsini ifadə etməyən proseslərdə iştirak etməsin.”

Milli Şuranın üzvü olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzinin Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:02:04 0:00

Milli Şura hesab edir ki, hazırki anda seçki prosesindən söhbət getmir.

"Ölkədə azad və ədalətli seçki üçün ən minimum imkanın olmaması Milli Şuranı məcbur etdi ki, boykot qərarı verək".

Seymur Həzi vurğulayıb ki, Milli Şura ölkədə siyasi proseslərdə aktiv iştirak edən qüvvədir.

"Milli Şura Azərbaycan hakimiyyətinin fəaliyyətini ardıcıl tənqid edən, ona öz etirazını bildirən, etiraz aksiyaları təşkil edən siyasi təşkilatdır. Qurumun bu qərarı ən aktiv siyasi proses olan seçkiyə də münasibətdə adekvatdır."

Onun sözlərinə görə, Milli Şura öz cari fəaliyyətini davam etdirəcək.

“Milli Şuranın seçkiyə qoşulan təşkilatlara və şəxslərə də xüsusi münasibəti yoxdur. Yəni hər hansı şəkildə onların fəaliyyətini izləmək və ya tənqid eləmək, analiz etmək fikrində deyil,” o qeyd edib.

Milli Şuranın bu qərarına hələlik rəsmilərdən hər hansı münasibət almaq mümkün olmayıb.

Müxalif siyasi qüvvələrdən ReAL, Müsavat və daha bir çox partiya növbədənkənar parlament seçkilərinə qatıldığını bəyan edib.

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Milli Məclisin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında" sərəncam imzalayıb.

Sərəncamla Azərbaycanın beşinci çağırış Milli Məclisi buraxılır. Növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilir.

Dekabrın 4-də Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Azərbaycan Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib.

Qərarda deyilir ki, Milli Məclisin səlahiyyətlərinin parlamentin yeni tərkibi formalaşana və fəaliyyətə başlayana qədər saxlanması zəruridir.

Dekabrın 2-də “Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan prezidentinə müraciət edilməsi barədə” qərar qəbul edib.

Bu qərarda Azərbaycan prezidentindən Milli Məclisin konstitusiyaya əsasən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi xahiş edilir.

Məlumata görə, Milli Məclis üzvlərinin mütləq əksəriyyətində parlament fəaliyyətinin həyata keçirilməsinin mümkünsüzlüyü barədə mövqe formalaşıb və nəticədə parlamentin öz fəaliyyətini davam etdirməsi qeyri-mümkün olub.

Qərara əsasən, Milli Məclisin konstitusiyada nəzərdə tutulan səlahiyyətlərinin müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadının yüksək səviyyədə saxlanılmasının təmin edilməsi üçün Milli Məclis buraxılmalı və növbədənkənar parlament seçkiləri keçirilməlidir.

XS
SM
MD
LG