Milli Şuranın sentyabrın 23-də keçirdiyi mitinq "Korrupsiyaya yox, siyasi məhbuslara azadlıq!" şüarları altında keçirilib. Mitinq iştirakçıları korrupsiya, rüşvət əleyhinə çoxsaylı şüarlar, siyasi məhbus kimi tanınan şəxslərin portretlərini qaldırıb, hakimiyyətdən "xalqdan oğurlanmış pulların qaytarılmasını" tələb edib.
Xalq deyir ki, siz ölkənin milyardlarını talamısınız. İndi heç olmasa əməkçilərin maaşlarını artırın, təqaüdləri, yardımları artırın, iş yerləri açın, ödənişli təhsili ləğv edin.
Bu fikir mitinqdə bütün çıxışlarda təkrarlanıb. "On illərlə hüquqlarımızı pozan korrupsiyaya uğramış bu rejim indi cinayət üstündə yaxalanıb", Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) lideri Əli Kərimli mediada ölkədən çıxartılan 3 milayard dollara qədər vəsaitlə bağlı dərc edilmiş araşdırma yazısına istinad edib.
İndi xalqın oğurlanmış pullarını qaytarmağın vaxtı çatıb, Kərimli əlavə edib.
"Xalq çox şey istəmir. Xalq deyir ki, siz ölkənin milyardlarını talamısınız. İndi heç olmasa əməkçilərin maaşlarını artırın, təqaüdləri, yardımları artırın, iş yerləri açın, ödənişli təhsili ləğv edin. Bəsdir ölkənin sərvətlərini taladınız", Kərimli qeyd edib.
O, həmçinin siyasi məhbusları azad etməyə çağırıb.
Bu zaman Kərimli qeyd edib ki, mitinqə hazırlıq prosesində 53 AXCP fəalı saxlanılıb. Mitinqin aparıcısı olacaq İlham Hüseyn dünən 15 gün müddətinə həbs edilib. Partiyanın digər üzvləri - Emil Salamov, Saqif Qurbanov, Bəhruz Həsənli, Aqil Məhərrəmov da eyni müddətə həbs olunub.
"Bu həbslərin məqsədi mitinqlərin davamlı olmasına imkan verməməkdir. Amma hamını həbs etmək mümkün deyil", AXCP lideri bildirib.
Bu hakimiyyət oğurlamağa öyrəşib. O, hakimiyyətin azad seçki hüququnu oğurlayıb, xalqın sərvətlərini oğurlayıb və nəhayət, jurnalist Əfqan Muxtarlını Tbilisidən oğurlayıb.
AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli regionlardakı fəalların mitinqdə iştirakına mane olmaq üçün yaradılan əngəllərə diqqət çəkib.
Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) sədri Cəmil Həsənli hakimiyyəti "korrupsiya və oğurluqda" ittiham edib.
"Bu hakimiyyət oğurlamağa öyrəşib. O, hakimiyyətin azad seçki hüququnu oğurlayıb, xalqın sərvətlərini oğurlayıb və nəhayət, jurnalist Əfqan Muxtarlını Tbilisidən oğurlayıb", Həsənli həqarətlə qeyd edib.
O, hakimiyyətin mətbuat azadlığını pozmasına diqqət çəkib.
Həsənli hökuməti tənqid edən saytların bloklanmasını, "Azadlıq" qəzetinin bağlanmasını və nəhayət, Turan agentliyinin aradan qaldırılması cəhdlərini nəzərə çatdırıb.
"Bu hakimiyyət xalqın səsinin dünya ictimaiyyətinə çatdırılmasına imkan verməmək üçün azad mediaya qarşı mübarizə aparır", Həsənli bildirib.
O deyib ki, demokratik qüvvələrin mübarizəsi davam edir və növbəti mitinq 7 oktyabr saat 15:00-a təyin edilir.
Çıxışlarda həmçinin, Dağlıq Qarabağ problemi diqqət mərkəzində olub. Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Azərbaycan hərbi qüvvələri üçün ayrılan büdcədən də korrupsiya halları olduğunu deyib.
“Bu iqtidar silah almaq üçün ayrılmış vəsaitdən də öz xeyiri üçün istifadə edib. Silah alınmasına ayrılmış vəsaitdən milyonlarla dollar mənimsəyiblər”, o qeyd edib.
Düz saat 17:00-da stadionda elektrik enerjisi kəsilib və təşkilatçılar aksiyanın qətnaməsini oxuya bilməyiblər.
Aksiya iştirakçıları vaxtaşırı "İstefa!", "Azadlıq", “Siyasi məhbuslara azadlıq” şüarları səsləndirib.
***
Milli Şuranın bu günə təyin etdiyi mitinq başa çatıb.
Növbəti mitinqi oktyabrın 7-nə təyin edilib.
Milli Şuranın sədri Cəmil Həsənli çıxış edib.
***
AXCP sədri Əli Kərimli mitinqdə çıxış edir.
O deyib ki, mitinq ərəfəsində 53 nəfər fəalı polis saxlayıb. Onlardan bəzilərinə inzibati qaydada həbs verilib.
Ancaq bu məluamtı, hələlik, Daxili İşlər Nazirliyinin münasibətini almaq mümkün olmayıb.
Əli Kərimlinin çıxışı zamanı tez-tez "istefa" şuarı səslənib.
O, basqılara rəğmən xalqın hakimiyyətə əyilməyəcəyini ifadə edib.
“24 il əsarətdə saxlanılmış, ən layiqli övladları repressiyalara məruz qalmış ölkədə sizlər sübut edirsiniz ki, Azərbaycan xalqının müqavimətini qıramaq mümkün deyil”, Ə.Kərimli meydana toplaşanlara deyib.
“Bu millət meydana ona görə toplaşıb ki, oğrulara sözü var. Bu meydanda 100-dən çox siyasi məhbusun şəkli dalğalanır. İnsanlar bura həm də ona görə toplaşıb ki, həbsdəki Gözəl Byramlıya, Mehman Hüseynova, İlkin Rüstəmzadəyə, Fuad Əhmədliyə azadlıq tələb etsin. Ona görə bura toplaşıb ki, bir günün içində hökumətin gül bayramını qul bayramına çevirmiş Qiyas və Bayram üçün azadlıq tələb etsin. Korrupsiyaya bulaşmış hökumət Qarabağı da işğaldan azad edə bilməz. Ona görə də millət “Qarabağa azadlıq!” deməlidir”.
***
"Aksiyasının təşkilatçıları bildirirlər ki, mitinqində kütləviliyin qarşısını almaqdan ötrü hökumət inzibati basqılardan istifadə edir."
Bu barədə Milli Şurada təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Nuraəddin Məmmədli bildirib.
N.Məmmədlinin sözlərinə görə, Azərbaycanın bütün rayonlarında mitinqə qatılmaq istəyənlərə təzyiqlər var.
“İstisnasız olaraq, rayonlardan mitinqə gələnlərə imkan vermirlər. Rayondakı fəallar faktiki olaraq polis nəzarətində saxlanılır, onların qohumlarına təzyiqlər edilir. Bakıda onlarla fəalımız saxlanıb. Hətta təşkilat komitəsinin üzvü İlham Hüseyn inzibati qaydada həbs edilib. Nəzərə almaq lazımdır ki, İ.Hüseyn miytinqin aparıcısı kimi nəzərdə tutulmuşdu. Bu davranış hakimiyyətin mitinqi pozmaq cəhdidir. Adı razılaşdırılmış olsa da, çox ciddi basqılar var”, N.Məmmədli bildirib.
Mitinq təşkilatıçılarının açıqlamalarına, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
***
Milli Şura sentybarın 23-ü “Talana yox” şüarı ilə mitinq keçirir.
Milli Şuranın tərəfdarları artıq mitinqə toplaşırlar. Polis mitinqin keçiriləcəyi "Məhsul" stadionunun girəcəyində mitinqə gələnlərin üstünü bir-bir yoxlayır.
Aksiyaya toplaşanlardan bəziləri sinəsində siyasi məhbusların şəkilləri olan köynəklər geyinib, əllərində onların şəkillərini tutublar.
Aksiyanın məqsədini Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəs Partiyasının ( AXCP) sədri Əli Kərimli açıqlamışdı. O, dünyanın müxtəlif mətbuat orqanlarında Azərbaycanla bağlı dərc olunmuş araşdırmalara istinad edərək demişdi:
"Milli Şura Baş Prokurorluqdan korrupsiya yolu ilə ölkədən çıxarılmış milyardlarla dollarla bağlı cinayət işi başlamasını istəyib. Lakin indiyədək nə prokurorluq cinayət işi başlayıb, nə də dövlət başçısı İlham Əliyev bununla bağlı izahat verib".
Bakı şəhər Baş Polis İdarəsi isə mitinq təşkilatçılarına xəbərdarlıq edib. Polis bildirib ki, Bakı Şəhər İcra Haimiyyətinə göndərilən müraciətdə əks edilən şuarlardan əlavə şuarların səslənməsinə imkan verilməyəcək.