Ayət Mehrəlibəylinin həyat yoldaşı Zəhra xanımın aclıq aksiyasına başlaması barədə məlumatlar düzgün deyil. Bu barədə “Amerikanın səsi” radiosunun Azərbaycan xidmətinin Kanadadakı müxbiri ilə söhbətində Sona Fərəczadə bildirib.
Onun sözlərinə görə, Zəhra xanım hələ aclıq aksiyasına başlamayıb. “Amma, onu Təbrizin çox sərt keçən qış dövründə soyuq kamerada saxlayırlar”.
Sona xanımın dediyinə görə, Zəhra xanım Təbriz zindanının ən ağır cinayətkarların saxlandığı 9-cu binasında saxlanır. “Həmin binada olan ağır cinayətlərdə günahlandırılan insanlar həkim müayinəsindən keçirilmir, telefonla danışmaq imkanı yoxdur, görüş verilmir.”
Xatırladaq ki, bir sıra xəbər saytları Sona xanıma istinadən yazıb ki, Zəhra Mehrəlibəyli və doktor Lətif Həsəni Təbrizin mərkəzi zindanına köçürüldükdən sonra, orada saxlanma vəziyyətlərinin acınacaqlı olduğuna etiraz olaraq aclıq aksiyasına başlayıb.
“Sonni Nyus" saytı yazır ki,Zəhra xanım və Lətif bəy 2011-ci il yanvarın 1-dən öz durumlarına və qeyri - insani şəraitdə saxlanmalarına etiraz olaraq aclığa başlayıb. Saytın məlumatında deyilir ki, milli fəallar üç qətl cinayəti ittihamı ilə həbsdə olanlarla bir kamerada saxlanılır.
Zəhra Mehrəlibəyli Tehrandakı “Tərbiyəti Modərris” Universitetində yüksək təhsil alıb, “Qopuz” jurnalının müdiri olub. O, dəfələrlə həbs edilib, o cümlədən 2002-ci ildə profesor Zehtabinin yas mərasimində və Babək qalasına yürüş zamanı tutularaq həbsə məhkum edilib. Zəhra xanım sonuncu dəfə ötən il Novruz bayramından 41 gün sonra tutulub və bir neçə gün bundan əvvələdək Təbriz ETTELAAT-ının təcridxanasının bir nəfərlik kamerasında saxlanılıb. Bir neçə gün öncə o, doktor Lətif Həsəni ilə birgə Təbrizin mərkəzi zindanına köçürülüb. Zəhra xanım artıq 242, Lətif Həsəni isə 204 gündür həbsdədir.
Cənab Həsəni Tehran yaxınlığındakı Kərəc şəhərində atasının evində olarkən tutulub. Yayılan xəbərlərə görə, Lətif Həsəni ETTELAAT idarəsində ona qarşı edilən işgəncələrə etiraz olaraq bir ay aclıq aksiyası keçirib. O, beynəlxalq huquq doktorudur.