Accessibility links

Milli Şuranın sədrinin qızının şəxsi həyatına müdaxilə faktı üzrə cinayət işi qaldırılıb


Cinayət Məcəlləsi
Cinayət Məcəlləsi

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin şəxsi həyatına müdaxilə ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) cinayət işi başlanılıb.

Bu barədə Amerikanın Səsinə vəkil Zibeydə Sadıqova bildirirb.

Onun sözlərinə görə, aprelin 19-da Günel Həsənliyə Bakı şəhər Baş Polis İdarəsindən zəng edərək cinayət işinin başlanılması ilə bağlı məlumat veriblər.

“Ancaq, Günel Həsənlinin zərərçəkən qismində tanınıb-tanınmaması, onun şəxsi həyatına müdaxilə ilə bağlı təqsirkar şəxsin saxlanılıb-saxlanılmaması barədə hələ məlumat verməyiblər,” vəkil qeyd edib.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov Amerikanın Səsinə bildirib ki, fakt üzrə Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.

“Aparılan istintaq nəticəsində sosial şəbəkələrdə yayılan videogörüntülərdə üzü bağlı olan kişinin şəxsiyyəti müəyyən olunub, ifadəsi alınıb. Hazırda videonu yayan şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir,” o qeyd edib.

Bu il martın 28-də sosial şəbəkələrdə Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin şəxsi həyatına aid videolar yayılıb.

Milli Şuranın sədri Cəmil Həsənli baş verənləri siyasi sifarişlə “xüsusi xidmət orqanlarının həyata keçirdiyi təxribat kimi qiymətləndirib.”

Yayılan videolarda Mahir Əliverdiyev kimi təqdim olunan üzü bağlı olan şəxs əvvəlcədən planlaşdırılmış təxribatın iştirakçısı olması barədə ünvanına səslənən ifadələrlə bağlı yerli medianın sualının cavabında bunları deyib: "Hüquq-mühafizə orqanları var, ora şikayət eləyiblər, Allah qoysa, açıqlama olacaq...".

Cinayət Məcəlləsinin 242-ci maddəsi üzrə təqsirləndirilən şəxslərə 2000 manatdan 4000 manatadək cərimə, 2 ilə qədər islah işləri və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

XS
SM
MD
LG