"Son günlər 6 saylı Cəzaçəkmə Müəssisəsində siyasi məhbuslardan biri, AXCP funksioneri, Qarabağ müharibəsinin iştirakçısı Babək Həsənova qarşı amansız rəftar haqqında məlumatlar daxil olub. Hakimiyyət müxalif hərəkatdan olan yoldaşlarını dəstəkləyənləri cəzalandırmaq və sındırmaq üçün repressiv tədbirlərə əl atır. İşgəncə, döymə və mənəvi terror hakimiyyətin fərqli düşünənlərə qarşı adi vasitəsidir və Babək Həsənovun işi bunun parlaq nümunəsidir."
Bu barədə Demokratik Qüvvələrin Milli Şurasının bəyanatında bildirilir.
Bununla kifayətlənməyən cəzaçəkmə müəssisəsi rəhbərliyi Babək Həsənovla ünsiyyətdə olan məhbusları da cəzalandırmağa başlayıb. Belə ki, onun digər məhbuslarla ünsiyyətdə olması qadağan edilib.
Milli Şura siyasi məhbuslara qarşı təzyiqə dərhal son qoymağı və Əhsən Nuruzadənin cəzasını ləğv etməyi tələb edir.Milli Şuranın bəyanatından sitat
Digər siyasi məhbus - eyni cəzaçəkmə müəssisəsində saxlanılan Əhsən Nuruzadə bu əmrə tabe olmadığına və Babək Həsənovla ünsiyyət saxladığına görə karserə (cərimə təcridxanası) salınıb.
Milli Şura siyasi məhbuslara qarşı belə antihumanist addımları kəskin şəkildə pisləyir və hakimiyyətdən onlara son qoymağı çağırır.
"Bütün bunlar hökumətin demorkatik düşərgəyə hədsiz nifrətinin göstəricisidir. Hakimiyyət başa düşməlidir ki, belə addımlar ölkədə gərginliyi artırır.
Milli Şura siyasi məhbuslara qarşı təzyiqə dərhal son qoymağı və Əhsən Nuruzadənin cəzasını ləğv etməyi tələb edir.
Milli Şura beynəlxalq ictimaiyyəti israrla Babək Həsənova, Əhsən Nuruzadəyə və Azərbaycandakı digər siyasi məhbuslara təzyiq faktlarına reaksiya verməyə çağırır," bəyanatda qeyd edilir.
Öz növbəsində Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Babək Həsənovun aclıq etməsi ilə bağlı yayılan məlumatların əsası yoxdur.
“Babək Həsənov ümumiyyətlə aclıq etmir. Onun saxlanıldığı müəssisə açıq tiplidir və orada məhbusların ünsiyyət qurmasına məhdudiyyət qoymaq mümkün deyil. Bu barədə yayılan məlumatlar da doğru deyil. Əhsən Nuruzadənin cərimə təcridxanasına salınması isə onun daxili intizam qaydalarını pozması ilə bağlıdır və bunun Babək Həsənova aidiyyatı yoxdur,” Penitensiar Xidmətin əməkdaşı qeyd edib.