Accessibility links

"Mikroskop Media"nın saytı ələ keçirilib


hacker
hacker

Sentyabrın 16-da "Mikroskop Media"nın saytı hakerlər tərəfindən ələ keçirilib. Bu barədə Amerikanın Səsinə saytın həmtəsisçisi Cavid Abdullayev məlumat verib.

Onun sözlərinə görə saytın oğurlanması bu gün baş verib:

"Saytda material paylaşmaq üçün admin panelə daxil olmaq mümkün olmadı. İstifadəçi adı və parol düzgün daxil edilsə də, admin panel açılmadı. Daha sonra veb səhifəni açanda gördüm ki, hakerlər tərəfindən ələ keçirilib".

Cavid Abdullayev bildirib ki, artıq IT mütəxəssisi ilə danışıblar, aydınlaşdırmağa çalışırlar ki, bərpa olunması mümkün olacaqmı.

"Eyni zamanda bu məsələdə bizə texniki dəstək verə biləcək qurumlarla da əlaqə saxlamağa çalışırıq. Bərpa etmək mümkün olmayacağı halda nə edəcəyimizi də planlaşdırırıq. Saytın kim tərəfindən ələ keçirilməsi ilə bağlı ilk ağla gələn hökumətdir, çünki son vaxtlar Qarabağda baş verənlər haqqında dərc etdiyimiz materiallara görə mütəmadi təhqir və təzyiqlə üzləşirdik", deyə o, bildirib.

Həmtəsisçi deyir ki, ilk dəfədir ki, haker hücumuna məruz qalan müstəqil saytdan onu geri qaytarmaq üçün kripto valyuta ilə pul tələb olunur və bu məbləğ təxminən 25 min avrodur:

"İndiyədək hansısa müstəqil sayt ələ keçiriləndən sonra onun arxivini silməyə cəhd edirdilər. Lakin bizim saytda arxiv materiallara link vasitəsilə daxil olmaq mümkündür, halbuki ana səhifə və ya admin panelə daxil olmaq olmur".

O, bildirib ki, vəziyyət qarışıqdır deyə konkret kimisə ittiham edə bilmirlər, "lakin birdən Azərbaycandan olan müstəqil bir saytı kim, niyə ələ keçirsin", deyə o sual edir.

"Ona görə də ağlımıza gələn ilk versiya elə hökumətin bu addımı atmasıdır. Başqa bir məsələ isə Mikroskopun Qarabağ məsələsindəki tənqidi mövqeyidir. Həm Laçın koridorunda baş verənlər, həm də son hadisələrdə yazdığımız və tutduğumuz tənqidi mövqe açıq-aydın hökumətin xoşuna gəlmirdi. Həm nəzarətində olan saytlarda, həm də televiziya kanallarında bizim, Mikroskopun əleyhinə materiallar yayımlanıb. Bunlar bizi gözdən salmaq üçün atılan addımlar olub", Abdullayev deyir.

Aidiyyəti qurumlardan hələlik mövqe almaq mümkün olmayıb.

Forum

XS
SM
MD
LG