“Bu bəyanat heç bir halda Rusiya Federasiyasının rəsmi xəttinə müvafiq deyil və müvafiq ola bilməz.”
Bu sözləri Rusiya Dumasının iqtisadi siyasət komitəsinin sədri Mixail Delyaqinin ölkənin televiziya kanallarının birində Azərbaycanın neft sənayesinə nüvə zərbəsi endirilməsi ilə bağlı fikrini şərh edən Kreml mətbuat katibi Dmitri Peskov deyib.
Peskov əlavə edib ki, “Biz tərəfdaşlarımıza qarşı münasibət bildirəndə emosiyaların nəzarət edilməsinə çağırış edirik. Azərbaycan tərəfdaş ölkələr kateqoriyasına daxildir. Xüsusən də Qarabağ ərazisində sülhün dəstəklənməsi və tərəflərin müvafiq öhdəliklərinin yerinə yetirilməsi üçün Rusiyanın göstərdiyi səylər dövründə.”
27 mart tarixində Delyaqin özünün Telegram hesabında izləyicilərinə “Rusiyanın resurslarını Ukraynaya yönəltdiyi bir zamanda, onun gücsüzlüyünə əminlikdən irəli gələrək aqressiya nümayiş etdirən Azərbacanın neft sənayesinin məhv edilməsi üçün nüvə silahının taktiki istifadəsi qanunidirmi?” sualı ünvanlayıb.
Növbəti gün isə “Rossiya 24” televiziya kanalının “60 minut” verilişinin efirində deputat Azərbaycanı “Türkiyənin proksisi” adlandırıb və “cəzalandırmaq” məqsədilə ölkənin neft sənayesinə zərbə endirməyin əhəmiyyətindən danışıb.
Kremlin mətbuat katibinin şərhindən sonra Delyaqin sosial media hesabından səsləndirdiyi fikrin Rusiyanın mövqeyini əks etdirmədiyini və dediklərinin “şəxsi emosional bəyanat” olduğunu bildirərək, sözlərinin yaratdığı narahatlığa görə üzr istəyib.
24 mart tarixində Ermənistanın rəsmi mənbələri Azərbaycan Silahlı Qüvvələrinin Rusiya sülhməramlılarının cavabdehlik zonasında Əsgəran rayonunun Fərrux kəndi və yaxınlıqdakı mövqeləri nəzarətə götürdüyünü və bundan sonra Qarabağın şərq istiqamətində irəliləməyə cəhd etdiyini bildiriblər.
Növbəti gün özünü Dağlıq Qarabağın Müdafiə Ordusu adlandıran qurumun mətbuat xidməti bildirib ki, “Martın 25-də Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağ Müdafiə Ordusunun mövqelərini atıcı silahlardan deyil, həm də PUA-lardan da istifadə etməklə atəşə tutub. Nəticədə qarşı tərəfin azı beş hərbçisi həlak olub, bir erməni əsgəri isə yaralanıb.”
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, "Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə Azərbaycan hərbi qulluqçularının həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır.”
"Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir. Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir," nazirlik qeyd edir.
Qarabağ ərazisində baş verən son gərginliyi şərh edən Rusiyanın Müdafiə Nazirliyi Azərbaycanı 2020-ci il 9 noyabr atəşkəs razılaşmasını pozmaqda ittiham edib, Azərbaycanın bölmələrinin Fərrux ərazisindən çıxarıldığını bildirib. Azərbaycanın Müdafiə Nazirliyi isə bu məlumatı təkzib edib, Azərbaycan Ordusunun Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş vermədiyini açıqlayıb.
BMT sözçüsü Stefan Dujarriç təmsil etdiyi təşkilatın regionda gərginliklərin davam etməsindən narahatlığını bildirib.
"Biz həm üçtərəfli formatda, həm də ATƏT Minsk Qrupu həmsədrlərinin de-eskalasiyaya yönəlik səylərini alqışlayırıq," Dujarriç bildirib. "Atəşkəsin təmin olunması və razılaşdırılmış öhdəliklərə tam əməl olunması üçün bütün səylər göstərilməlidir."