Amerikanın Səsinin Azərbaycan xidməti Kaliforniya Senatoru Barbara Bokser və Senat Xarici Əlaqələr İdarəsi ilə əlaqə saxlayaraq Metyu Brayzanın ABŞ-ın Azərbaycanda səfiri qismində nominasiyasına qarşı xanım Bokserin “saxlama statusu” tətbiq etməsi haqda Amerika Erməni Milli Komitəsinin yaydığı məlumatı təsdiq etməyə çalışıb. Əlaqə saxlanılan qurumlar bu haqda məlumatı nə təsdiq nə də təkzib ediblər. Senator Barbara Bokserin rəsmi vebsaytında bu barədə məlumat verilmir. Çərşənbə axşamı Senat Xarici Əlaqələr Komitəsində keçirilən toplantıda Metyu Brayzanın nominasiyası səs çoxluğu ilə təsdiq olundu. Nominasiyanın əleyhinə iki qanunverici - Kaliforniyadan senator Barbara Bokser və Nyu Cersidən senator Robert Menendez səs veriblər.
“Hold”, yəni “saxlama” hüququ ABŞ senatorlarına verilən xüsusi imtiyazlardan biridir. Prezidentin səfir və ya elçi vəzifəsinə nominasiya etdiyi şəxsə qarşı komitə səviyyəsində istənilən senator qeyri-müəyyən müddətə “saxlama” metodu tətbiq edə bilər. Bu, o deməkdir ki, saxlama qüvvədə qaldıqca Senat tam tərkibdə nominasiya üzərində səsvermə keçirə bilməz. Əgər namizədlik son mərhələ olaraq Senat zalında səsverməyə qoyularsa o, sadə səs çoxluğu ilə təsdiq və ya rədd olunur.