Accessibility links

Metyu Brayza: Biz ölkələrimiz arasında dostluq münasibətlərinin gücləndirilməsini həvəslə gözləyirik


Metyu Brayza: Biz ölkələrimiz arasında dostluq münasibətlərinin gücləndirilməsini həvəslə gözləyirik
Metyu Brayza: Biz ölkələrimiz arasında dostluq münasibətlərinin gücləndirilməsini həvəslə gözləyirik

Səfir sülh, iki ölkə arasındakı dostluq münasibətləri və demokratik institutların gücləndirilməsini qeyd edib

Fevralın 6-da axşam saatlarında Amerika Birləşmiş Ştatlarının yeni səfiri Metyu Brayza Bakıya gəlib. Səfir, həyat yoldaşı Zeyno Baran və balaca qızı Maya media qarşısında birgə dayanıb.

O yenidən səfir kimi Bakıya qayıtmasından şərəf duyduğunu bildirib. “Həyat yoldaşım Zeyno, qızım Maya və mən bu günü çox gözlədik. Təyinatımın uzun müddət çəkdiyinə görə üzrxahlıq edirəm. Amma, bizim dilimizdə deyildiyi kimi “gec olsun, güc olsun”.

Səfir media qarşısında yalnız bəyanatla çıxış etməklə kifayətlənib.

O deyib ki, etimadnaməsini prezident Əliyevə təqdim etməkdən şərəf duyacaq. “Etimadnaməmi təqdim etdikdən sonra media ilə sıx əməkdaşlıq edəcəm və media işçiləri ilə dəfələrlə görüşlər keçirəcəm”, - deyə o qeyd edib.

M.Brayza iki ölkə arasındakı münasibətlərə də toxunub. “Biz ölkələrimiz arasında dostluq münasibətlərinin gücləndirilməsini həvəslə gözləyirik. Sülhün gücləndirilməsi üçün əməkdaşlığımızın dərinləşdirilməsini də səbirsizliklə gözləyirik. Sülh və əmin-amanlığın, demokratik təsisatların yaradılması və gücləndirilməsində də həvəsliyik”, - deyə o qeyd edib.

Metyu Brayza Stenford Universitetini və Fletçer Məktəbini bitirib. 1988-ci ildə diplomatik fəaliyyətə başlayıb. ABŞ-ın Poznandakı (Polşa) konsulluğunda, Varşavadakı səfirliyində çalışıb (1989-1991).

1991-1995-ci illərdə ABŞ Dövlət Departamentində, 1995-1997-ci illərdə ABŞ-ın Rusiyadakı səfirliyində diplomatik xidmət keçib. 1997-1998-ci illərdə ABŞ-ın Qafqaz və Mərкəzi Asiya ölkələrinə iqtisadi yardımı məsələlərinə kuratorluq edib.

1998-2001-ci illərdə ABŞ prezidenti və dövlət katibi yanında müşavir postunu tutub, Xəzər bölgəsində qaz kəmərlərinin tikilməsinə kömək məsələləri ilə məşğul olub. 2001-ci ildən Milli Təhlükəsizlik Şurasında çalışıb, ABŞ-ın Türkiyə, Yunanıstan, Kipr, Mərkəzi Asiya, Qafqaza yönəlik siyasətinə məsul olub.

2005-ci ildən ABŞ dövlət katibi müavininin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsində çalışıb, 2006-cı ildən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri postunu tutub. 2009-cu ildə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsində çalışıb.

Metyu Brayza 2007-ci ilin avqustunda beynəlxalq siyasət üzrə məşhur araşdırmaçı Zeyno Baranla ailə qurub.

ABŞ prezidenti Barak Obama cənab Brayzanı Azərbaycana səfir postuna 2010 -cu il dekabrın 29-da təyin edib.

XS
SM
MD
LG