Accessibility links

Metyu Brayza: Amerika şirkətlərinə Azərbaycanda işləmək çətindir


Metyu Brayza: Amerika şirkətlərinə Azərbaycanda işləmək çətindir
Metyu Brayza: Amerika şirkətlərinə Azərbaycanda işləmək çətindir

O, Avropa və Amerika investorlarını Azərbaycanda aqrobiznesin inkişafına, monopoliyadan kənar emal müəssisələrinin yaradılmasına yardım etməyə çağırıb.

Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə Amerikanın Azərbaycandakı səfiri Metyu Brayzanın görüşü olub.
Klub üzvləri qarşısında çıxış edən səfir Brayza Amerika biznesinin Azərbaycana münasibəti, Azərbaycanda Amerika investisiyalarının perspektivləri və problemlərdən danışıb.
O, Amerika şirkətlərinin Azərbaycanda geniş əlaqələr qurmasına tərəfdar olduğunu bildirib. Səfirin sözlərinə görə, son 7 ildə enerji sektorunun inkişafı nəticəsində Azərbaycan iqtisadiyyatında 300 faiz artım qeydə alınıb. Bu dünyada ən sürətli artım tempidir.
İqtisadiyyatın inkişafı eyni zamanda ölkədə 2003-cü ildəki 49 faiz yoxsulluq səviyyəsini 9 faizədək aşağı salıb. “Doğrudur, ola bilsin ki, yoxsulluq səviyyəsi ilə bağlı statistika bir qədər düzgün olmasın. Hətta, yoxsulluq səviyyəsinin 18 faiz və ya ondan bir qədər də aşağı enməsi belə yaxşı göstəricidir”, - qeyd edib.

Cənab Brayza bildirib ki, biznesin inkişafı nəticəsində ölkədə ümumi daxili məhsulun 85 faizi özəl sektorun payına düşür. “Dünya İqtisadi Forumunun cədvəlinə görə, Azərbaycan dünyada rəqabət qabiliyyətinə görə 56-cı, MDB-də isə birinci ölkədir. Baxmayaraq ki, Gürcüstanda da korrupsiyaya qarşı mübarizədə, iqtisadiyyatın inkişafı sahəsində xeyli iş görülüb. Amma Azərbaycan yenə də irəlidə gedir”, - vurğulayıb. Səfir korrupsiya və iqtisadiyyatda monopoliyadan danışarkən bir neçə il əvvəl Azərbaycanın iqtisadi inkişaf naziri ilə aralarında olan bir zarafata istinad edib. “Azərbaycanın keçmiş iqtisadi inkişaf naziri bir neçə il əvvəl mənə zarafatla demişdi ki, dünyada korrupsiya səviyyəsinə görə ölkə beşinci yerdədir. Yəni, o mənə anladırdı ki, ölkəsi birinci yerdə deyil. Baxmayaraq ki, neçə illər keçib, amma, amerikalılar Azərbaycanda biznesə münasibətdə yenə həmin zarafata inanmaqda qalır”, - səfir Amerika biznesmenlərinin Azərbaycan iqtisadiyyatına hələ də dərindən bələd olmadığını xatırladıb. Onun fikrincə, iqtisadiyyat sahəsində səlahiyyətlər çox konsenrasiyalıdır: “İqtisadiyyat hakimiyyət qrupların əlində cəmləşib. Doğrudur, vaxtilə xanlıqlar var idi, indi xanlıqlar yoxdur. Azərbaycan müstəqil dövlətdir. Amma iqtisadiyyatda qruplar yenə də qalır. Amerika şirkətlərinə burada işləmək çətindir. Onlar kiminlə işləməyin vacibliyini anlaya bilmir və bu səbəbdən də Amerika şirkətləri genişlənə bilmir”. Səfir Azərbaycanın investisiya üçün cəlbedici və biznes üçün strateji mühüm ölkə olduğunu deyib: “Azərbaycan dünyada yeganə dövlətdir ki, 9 iqlim zonası var, İranla Rusiyanın arasında yerləşir, əhalinin əksəriyyəti şiədir və dünyəvidir. Ölkədə “holland sindromu” yoxdur, Avropa və Türkiyə investisiya layihələrinə üstünlük verir. Cənubdan və şimaldan təzyiq və təsirlərə baxmayaraq, Amerika ilə strateji əlaqələrə malikdir”.

Cənab Brayza artıq Amerika şirkətlərinin qeyri- neft sektoruna da maraq göstərdiyini deyib. Onun sözlərinə görə, Amerika şirkətlərinin Azərbaycanda informasiya- kommunikasiya texnologiyaları sahələrində də fəaliyyəti var. Belə ki, Azərbaycan Amerikadan peyk alıb, “Microsoft” şirkəti ölkə haqqında məlumat bazası hazırlayır, “Boinq” təyyarələri alınır. “Hazırda Amerikada və dünyada nüfuzlu sayılan “Halivey” şirkəti Azərbaycanda müxtəlif sahələrdə fəaliyyətə maraq göstərir. Bu şirkət qeyri-neft sektorunun çox müxtəlif sahələrində bazarı araşdırır. Səfir Azərbaycan hökumətinin iqtisadiyyatın qeyri-neft sektoruna, xüsusilə kommunikasiyaların inkişafı sahəsinə böyük maliyyə vəsaitləri ayırdığını diqqətə çatdırıb: “Ölkədə aqrobiznesin inkişafı sahəsində potensial böyükdür. Əhalinin 40 faizi kənd təsərrüfatında məşğuldur. Amma, ümumi daxili məhsulun formalaşdırılmasında kənd təsərrüfatının payı cəmi 6 faiz təşkil edir”. Avropa və Amerika investorlarını Azərbaycanda aqrobiznesin inkişafına, monopoliyadan kənar emal müəssisələrinin yaradılmasına yardım etməyə çağırıram”, - vurğulayıb.

XS
SM
MD
LG