Bütün dünya koronavirus pandemiyası ilə mücadilə edərkən, qürbətdəki uyğur türkləri Şərqi Türküstan bölgəsində yaşayan yaxınlarının vəziyyəti üçün narahatdırlar. Məryəm Sultan deyir, “koronavirus səbəbilə dünyada hərkəs öz canının mücadiləsində olduğu üçün, artıq kimsənin biz sahibsiz uyğurları düşünəcək halı yoxdur.”
Uyğur fəal Amerikanın Səsi ilə söhbətdə Çin hökümətinin virusa yoluxan və ölənlərlə bağlı rəqəmləri ört-basdır etməsini şərh edib. O, həmçinin Sincan (Şərqi Türküstan) bölgəsindəki vəziyyət haqqında danışıb.
Biz orada onsuz da həssas olan durumun daha da həssaslaşdığı barədə öz həddimizdə bəzi maarifləndirmə mesajlarını paylaşmağa çalışırıq.
Şərqi Türküstanda bir neçə ildir davam edən ağır repressiya səbəbilə, Məryəm Sultan doğma yurdunda yaşayan anasının vəziyyətindən xəbərsizdir və onunla heç bir əlaqə saxlaya bilmir.
“Anamdan xəbərim yoxdur. Yəni, dünyanın hər tərəfində yaşayan digər uyğurlar kimi mən də ailəmdən xəbərsiz yaşayıram. Heç bir xəbər ala bilmirəm,” Ankara Universitetinin tələbəsi söyləyir.
Onun sözlərinə görə, “Doğu Türküstanda istər toplama düşərgələrində olsun, istər həbsxanalarda, və ya bunların xaricində olan insanların durumunu öyrənmək üçün sadəcə Çinin propaqanda şəbəkələrinə baxa bilirik. Ya da, Çində sosial media istifadəçilərinin hesablarından vəziyyəti öyrənməyə çalışırıq. Buradan anlayırıq ki, düşərgələrdə və həbsxanalarda olmayan insanlara da siyasi maarifləndirmə hələ davam edir. Düşərgələr və həbsxanalarda olanların durumunu öyrənmək mümkün deyil.”
Sultan Çinin həbs düşərgələrində gigiyena və sosial məsafə qaydalarının həyata keçirildiyinə inanmadığını vurğulayır:
“Toplama düşərgələrində sosial məsafə ya sağlıqlı yaşam şərtlərinin təmin olduğunu düşünmürəm. Zatən Çinin ölkə xarici ilə paylaşdığı məlumat da Çində hazırda virusun bitdiyi yönündədir. Amma, təbii ki, insanların sosial mediada paylaşdıqları Çinin bu məlumatlarını dəstəkləmir.”
İndi dünyada hərkəs öz canının savaşında ikən, bizim kimi sahibsiz insanları düşünəcək halları yox.
Uyğur tələbənin söylədiklərinə görə, “həbs düşərgələrində ölənlər olsa, ailələrinin bunu ölkə xarici ilə paylaşması mümkün deyil. Çünki, bu, Çin hökümətinin sirlərini paylaşmaq anlamına gələr və həbsə atılarlar.”
O, əlavə edir, “biz orada onsuz da həssas olan durumun daha da həssaslaşdığı barədə öz həddimizdə bəzi maarifləndirmə mesajlarını paylaşmağa çalışırıq. Amma, indi dünyada hərkəs öz canının savaşında ikən, bizim kimi sahibsiz insanları düşünəcək halları yoxdur...”
Müxtəlif ölkələrdə siyasətçilər və media qurumları Çin hökümətinin həm xəstəliyin Uhan şəhərindən yayılmağa başladığı dönəm, həm də daha sonra yoluxanlar və ölənlərin sayı ilə bağlı həqiqəti ört-basdır etdiyini önə çəkirlər.
Məryəm Sultan hesab edir ki, Çin hakimiyyəti ölkədə baş verənlərlə bağlı adi məlumatı belə kəşfiyyat məlumatı olaraq dəyərləndirdiyi üçün heç vaxt həqiqəti paylaşmır.
“2003 ilindəki SARS böhranında mən liseyin üçüncü sinifində oxuyurdum. Doğu Türküstanda idim. O zaman, Çində xəbərlərdə çox az insanın öldüyü deyilirdi. Amma, biz bir çox insanın öldüyünü bilirdik. Öz xalqına belə yalan söyləyirdi... Bugün durum çox daha fərqlidir. Bugün daha çox insanın ölməsi mümkündür və Çin təbii ki, bunu gizlədir. Yəni Çinin verdiyi rəqəmləri ən az yüzə vurmaq lazimdir. Çin min insan deyirsə, ən az 100 min ölmüşdür,” deyə uyğur fəal əlavə edir.