ABŞ universitetinin iranlı professoru Məryəm Mirzəxani riyaziyyat sahəsində ən prestijli Filds mükafatını alan ilk qadın kimi tarixə düşüb. Mükafat Məryəm Mirzəxaniyə Seulda Cənubi Koreyanın ilk qadın prezidenti Park Qın He tərəfindən təqdim edilib.
37 yaşlı riyaziyyatçı-alim Harvard universitetini bitirib və hazırda Kaliforniya ştatında Stanford universitetinin professorudur.
Məryəm Mirzəxaninin riyaziyyat sahəsində uğurları hələ çox gənc yaşlarında başlayıb. O, 1994 və 1995-ci illərdə çox yüksək balla Beynəlxalq Riyaziyyat Olimpiadalarının qalibi olub. Filds mükafatından öncə o, 2013-cü ildə Amerika Riyaziyyat Assosiasiyasının mükafatını alıb.
O, riyaziyatçılar arasında ən mürəkkəb məsələlərin həllinə qadir istedadlı bir alim hesab edilir.
Məryəm Mirzəxani 1977-ci ildə Tehranda anadan olub və İran paytaxtında Şərif texnologiya universitetini bitirib. YouTube səhifəsində yerləşdirilmiş video-müsahibədə İranda təhsil aldığı ilk illəri təsvir edən Məryəm Mirzəxani daha sabit dövrdə böyümüş gənc nəslə mənsub olduğunu deyir və riyaziyyat elminə marağından danışır.
Məryəm Mirzəxani 2004-cü ildə Harvard unuversitetində riyaziyyat üzrə doktorluq elmi dərəcəsi alıb. O, Kaliforniya ştatının Palo Alto şəhərində ailəsi ilə yaşayır. Məryəm Mirzəxani anadır, kiçik yaşlı qızı var.
Riyaziyyat üzrə dünyanın ən yüksək mükafatı olan Filds Nobel mükafatına bərabər hesab edilir. Mükafat 1936-cı ildə kanadalı riyaziyyatçı Con Filds (John Fields) tərəfindən təsis edilib və hər dörd ildən bir yaşı 40-ya çatmamış ən istedadlı riyaziyyatçılara verilir. Bununla Con Filds mükafatı almış gənc riyaziyyatçıları daha böyük nailiyyətlər qazanmağa təşviq etmək istəyib.
Dünya ölkələrində 78 illik tarixində ilk dəfə olaraq Filds mükafatına qadın riyaziyyatçının layiq görülməsi müsbət bir inkişaf kimi qarşılanıb. Elm, texnika, elektronika və riyaziyyat hələ də qadınların çox zəif təmsil olunduğu sahələr olaraq qalır. Məryəm Mirzəxaninin mükafatı alması gənc və istedadlı qadın riyaziyyatçılar üçün gözəl stimul kimi qəbul edilir.
Dilşad Əliyarlının "Qadın dünyası" bloqunu burada izləyə bilərsiniz.