Accessibility links

Rasim Əliyevin valideynləri prezidentə müraciət edib [Audio-Müsahibə] (Yenilənib)


Jurnalistin atası Məmmədəli Əliyev Amerikanın Səsinə danışıb. Baş Prokurorluq münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidməti Rasim Əliyevin ölüm faktı ilə bağlı qaldırılmış cinayət işinin istintaqı ilə bağlı məlumat yayıb. Mətbuat xidməti bildirir ki, təyin edilmiş çoxsaylı ekspertiza rəyləri, o cümlədən məhkəmə-tibb ekspertizası rəyləri oktyabrın 20-də istintaqa təqdim edilib.

Mətbuat xidmətinin məlumatında deyilir:

Bəzi KİV-lərdə Bakı şəhər sakini Rasim Əliyevin avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi və aldığı xəsarətlərdən orada ölməsi faktına görə Bakı şəhər Prokurorluğunda başlanmış cinayət işi üzrə guya istintaq hərəkətlərinin aparılmaması və məhkəmə-tibb ekspertizası rəylərinin istintaqa təqdim edilməməsi barədə məlumatlar dərc edilib.

Həmin informasiyalar həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib olunur.

Göstərilənlərlə bağlı bildiririk ki, həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən şəxslərin dairəsinin qısa müddət ərzində müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması və digər zəruri istintaq hərəkətlərinin yerinə yetirilməsi təmin edilmişdir.

Təyin edilmiş çoxsaylı ekspertiza rəyləri, o cümlədən məhkəmə-tibb ekspertizası rəyləri oktyabrın 20-də istintaqa təqdim edilmişdir. Hazırda təqsirləndirilən şəxslərin ekspertiza rəyləri ilə tanış edilməsi prosesi davam etdirilir. İstintaqın tamamlanması, zərərçəkmiş şəxsin hüquqi varisinin ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tanış olmaları qısa müddətdə təmin ediləcəkdir.

***

“Cənab prezident, jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işini şəxsi nəzarətinizə götürmənizi nəzərə alaraq sizdən ekspertiza idarəsinə və Səhiyyə Nazirliyinə qısa zamanda rəy vermə tapşırığı verməyinizi xahiş edirik. Həmçinin xahiş edirik ki, Bakı Şəhər Prokurorluğu tərəfindən istintaqın gedişının sürətləndirilməsi ilə də bağlı tapşırıq verəsiniz.” Bu barədə jurnalist Rasim Əliyevin valideynləri - atası Məmmədəli və anası Teyfurə Əliyevlərin prezident İlham Əliyevə müraciətində deyilir.

please wait

No media source currently available

0:00 0:02:49 0:00

Valideynlər bildirir ki, istintaqın gedişi barədə ailəyə və vəkil Əsabəli Mustafayevə Bakı Şəhər Prokurorluğu tərəfindən demək olar ki, heç bir məlumat verilmir.

“İstintaq qrupunun rəhbəri müstəntiq Kamran Məmmədov iki həftəlik bülletenə çıxandan sonra oğlumuzun ölümü ilə bağlı istintaq tədbirləri tamamilə dayandırılıb. Bu və yuxarıda qeyd etdiyimiz məsələlər ailəmizin ciddi narahatlığına səbəb olub. Ehtimal edirik ki, bəzi şəxslər istintaqın uzadılmasından sui-istifadə edərək oğlumuzun ölmündə təqsiri olanları məsuliyyətdən yayındırmaq niyyəti güdürlər”, sənəddə qeyd edilir.

Rasim Əliyev vəfat edib
Rasim Əliyev vəfat edib

2015-ci il avqustun 8-də jurnalist Rasim Əliyev Bakının Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Jurnalistin ölümündə şübhəli bilinən 6 nəfər, o cümlədən futbolçu Cavid Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.

Baş prokuror Zakir Qaralov oktyabrın 1-də bildirib ki, cinayətdə iştirak edən şəxslər müəyyən edilərək barələrində tədbir görülüb.

“Yaxın zamanlarda iş məhkəməyə göndəriləcək. Bu məsələnin siyasiləşdirilməsi yolverilməzdir. Dünyanın hər bir ölkəsində jurnalist qətlləri baş verir. Biz bundan təəssüf hissi keçiririk. Bu, bizim cəmiyyətə xas olan hal deyil", baş prokuror qeyd edib.

Vəkil Əsabəli Mustafayev isə deyib ki, jurnalistin qətli ilə bağlı məsələnin tezliklə məhkəməyə göndəriləcəyi inandırıcı deyil.

Vəkil artıq epizod üzrə oğurluq maddəsilə cinayət işi başlandığını nəzərə çatdırıb.

Onun sözlərinə görə, qətlin səbəbləri ilə bağlı hələ ekspertizanın nəticələri ortada yoxdur. Bundan əlavə, Ə. Mustafayev bir sıra prosedurların başa çatmadığını qeyd edib.

“Ona görə də, kimin nə deməsindən asılı olmayaraq, ən yaxşı halda bu məsələ ay yarımdan tez məhkəmə baxışına çıxarıla bilməyəcək”, Mustafayev bildirib.

Jurnalistin valideynləri prezidentə müraciətdə yazır ki, 2 aydan çox vaxt keçsə də, “oğlumuzun vəfatının səbəblərini araşdırmaq üçün təyin olunmuş məhkəmə-tibb ekspertizasının, Rasimin ölmündə həkim səhlənkarlığının olub-olmaması barədə mütəxəssis rəyi verməli olan Səhiyyə Nazirliyinin nəzdindəki xüsusi komissiyasının rəyləri nə istintaqa, nə də bizə verilməyib. Fikrimizcə, rəylərin bu günə qədər hazır olmaması istintaqın gedişinə ciddi maneələr törədir. Düşünürük ki, oğlumuzun ölümündə həkimlərin səhlənkarlığı da ciddi rol oynayıb və komissiyanın rəyinin istintaqa təqdim edilməməsi şübhələrimizi daha da artırır. Qanuna uyğun olaraq, tibbi ekspertizanın rəyi bir ay ərzində istintaqa təqdim edilməli idi. Lakin qeyd etdiyimiz kimi naməlum səbəbdən həm məhkəmə-tibb ekspertiza idarəsi, həm də Səhiyyə Nazirliyi bu rəyin verilməsini süni şəkildə yubadır,” valideynlər qeyd edir.

XS
SM
MD
LG