AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahimin işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Martın 14-də Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı Məmməd İbrahimə 4 il həbs cəzası istəyib.
Həmçinin məhkəmədə Məmməd İbrahimin xeyrinə ifadə vermiş şahidlərin barəsində xüsusi qərar çıxarılıb məhkəməyə göndərilməsini xahiş edib.
Bu barədə Amerikanın Səsinə müsahibəsində vəkil Yalçın İmanov bildirib.
Vəkil müdafiə nitqi söyləyib. İttihamın sübuta yetirilmədiyini vurğulayaraq, ona bəraət verilməsini istəyib.
Məmməd İbrahim son sözündə deyib ki, bəraətdən başqa bütün qərarları sifariş hesab edəcək.
Hökmün martın 15-də elan olunacağı gözlənilir.
Məmməd İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında sentyabrın 30-da həbs olunub. Mikayıl Quliyevi vurmaqda ittiham olunan Məmməd İbrahimə CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Bir müddət sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra Məmməd İbrahimə ittiham maddəsi ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub. Bu maddə iki ilədək islah işləri və ya beş ilədək həbs cəzası nəzərdə tutur.
Məmməd İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.