Accessibility links

Meksika Rusiyanın Sputnik-V peyvəndindən istifadə edəcək


Meksikanın Tənzimləmə Agentliyi Rusiyanın Sputnik-V peyvəndindən təcili istifadəni təsdiqləyib. Bu qərar Səhiyyə nazirinin müavini Huqo Lopez-Qatellin çərşənbə axşamı ölkədə koronavirusla mübarizə planına peyvənddən istifadənin də daxil olduğunu elan etməsindən az sonra verilib.

Associated Press xəbər agentliyi bildirir ki, Meksika peyvənd proqramına paytaxt Mexikoda getdikcə artan koronavirus xəstələrinin xəstəxanalara qəbul edilməsi və kifayət qədər oksigenlə təmin edilməsi kimi çətinliklərin yaşandığı bir vaxt başlayır.

Lopez-Qatell Sputnik-V peyvəndinin 7.4 milyon dozasının ilk partiyalarının bu aydan başlayaraq aprel ayına qədər gətiriləcəyini deyib.

Sputnik-V peyvəndinə inam beynəlxalq Lancet tibbi jurnalında klinik sınağın son mərhələsində vaksinin COVID-19-un qarşısının alınmasında 91,6% təsirli olduğunu açıqlamasından sonra artıb.

Meksika Prezidenti Andres Manuel Lopez Obrador Rusiya Prezidenti Vladimir Putinlə 24 milyon doza vaksinin alınmasını müzakirə edib.

Argentina da əhaliyə Sputnik-V peyvəndinin tətbiq edilməsi səylərində Meksikaya qoşulur.

Lopez Qatell Meksikanın bu ay COVAX qlobal peyvənd proqramı çərçivəsində 1,6 milyondan 2,75 milyona qədər dozada AstraZeneca peyvəndi ilə təmin ediləcəyini bildirib.

Cons Hopkins Universitetinin COVID Resurs Mərkəzinin bildirdiyinə görə, Meksika 159100 ölüm halının qeydə alınması ilə koronavirusa yoluxma və ölüm hallarının sayının ən yüksək olduğu Latın Amerikası ölkələrindən biridir.

XS
SM
MD
LG