Meksikanın Morelos ştatının kiçik şəhərlərindən birinin merinin vəzifəsinin icrasına başlamasından 24 saat keçmədən qətlə yetirilməsində narkotik maddə alveri ilə məşğul olan cinayətkar qrup günahlandırılır.
Gizela Mota şənbə günü Temixko şəhərindəki evində, ailəsinin gözü qarşısında güllə ilə vurulub öldürülüb. Solçu Demokratik Partiyasından olan Mota Meksika konqresinin keçmiş üzvü olub.
Gizela Mota Morelos ştatı və şəhər polisini hökumətin dəstəyi ilə vahid komanda altında birləşdirərək, narkotik maddə alverçiləri və korrupsiyaya qarşı mübarizə aparacağına söz vermişdi.
Morelos ştatının qubernatoru Qreko Ramirez xanım Motanın qətlində narkotik maddə alveri ilə məşğul olan "Los-Rohos" adlı cinayətkar qrupun məsuliyyət daşıdığını deyib.
Hadisədə əli olmaqda şübhəli bilinən 3 nəfərin həbs edildiyi, digər 2 nəfərin isə polislə atışma zamanı öldürüldüyü bildirlib.