Accessibility links

Mehman Hüseynovu dəstəkləyən on fəal aclıq aksiyasına qoşulub


Mehman Hüseynovu dəstəkləyən on fəal aclıq aksiyasına qoşulub
please wait

No media source currently available

0:00 0:02:59 0:00

Aksiya iştirakçıları blogerə və bütün siyasi məhbuslara azadlıq tələb edir

Bloger Mehman Hüseynovun dekabrın 26-da həbsxanada başladığı aclıq aksiyasi ictimaiyyət tərəfindən dəstəklənməkdədir. Hazırda “Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq!” tələbi ilə Müsavat Partiyasının mərkəzi qərargahında 10 nəfər aclıq aksiyasını davam etdirir.

Müsavat Partiyasının Divan üzvü Tofiq Yaqublu yanvarın 4-dən aclıq aksiyasına başlayıb. AXCP fəalı Tofiq Məmmədov isə yanvarın 2-dən aclıq keçirir.

İctimai fəal Fatimə Mövlamlı, Müsavat Partiyasının fəalları Elşad İsrafilov, Fuad Rəhimli, AXCP fəalları Yaşar Fərazi, Rövşən Nifalzadə, Mübariz Fətullayev, Nicat Abdulla da aclığı davam etdirir. Leyla Babayeva heç bir siyasi partiyanı təmsil etmir. O, Mehman Hüseynovu şəxsən tanımır, sadəcə blogerin videofaktlarının vurğunudur.

“Cəmiyyət və hökumət Mehman Hüseynov kimi tənqidçiləri müdafiə etməsə, ölkənin inkişafından danışmağa dəyməz. Mən öz vicdanımın səsi ilə aksiyaya qoşulmuşam” , Babayeva Amerikanın Səsinə bildirib.

Cəmiyyət və hökumət Mehman Hüseynov kimi tənqidçiləri müdafiə etməsə ölkənin inkişafından danışmağa dəyməz.
Leyla Babayeva

Siyasətçi Tofiq Yaqublu deyib ki, aksiyanın məqsədi bütün siyasi məhbusların azadlığına nail olmaqdır.

“Syasi məhbusların, başlıcası isə Mehman Hüseynovun azadlığna nail olmaq üçün bütün demokratik vasitələrdən istifadə etməyə çalışırıq. Mən Müsavat Partiyasının üzvü kimi təşkilatımızın xəttinə uyğun mübarizə aparıram", o Amerikanın Səsinə deyib.

Tibb elmləri doktoru Adil Qeybulla könüllü olaraq aksiya iştirakçılarını müayinə edir, onlara məsləhətlər verir.

“Yanvarın əvvəllərindən aclıq edənlərin səhhətində müəyyən dəyişikliklər var. Çalışıb çox su içməlidirlər və hazırda yayılan qrip virusundan qorunmalıdırlar”, Qeybulla bildirib.

Aksiya iştirakçılarına çoxsaylı hüquq müdafiəçiləri, ictimai-siyasi xadimlər baş çəkir. Hüquq müdafəçisi Oqtay Gülalıyev hökuməti bütün siyasi məhbusları həbsdən azad etməyə çağırır.

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib. O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger su içsə də qida qəbulundan imtina etməkdə davam edir.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Mehman Hüseynov mitinqdə şüar qaldırır (Foto İsa Qəmbərin facebook səhifəsindən götürülüb)
Mehman Hüseynov mitinqdə şüar qaldırır (Foto İsa Qəmbərin facebook səhifəsindən götürülüb)

Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.

Bununla yanaşı, rəsmi Bakı bütün fundamental azadlıqların tam təmin edildiyini, fikrinə, siyasi əqidəsinə görə insanların həbs edilmədiyini bildirir.

Beynəlxalq təşklatlar isə Azərbaycanda 10 jurnalist və blogerin həbsdə olduğunu bəyan edir.

Amnesty İnternational ölkədə ondan çox insanı vicdan məhbusu elan edib.

XS
SM
MD
LG