Yanvarın 3-də Bakıda Neftçilər metrosu yaxınlığında “Mehman Hüseynova azadlıq!”, “Siyasi məhbuslara azadlıq!” şüarları ilə keçirilən piket zamanı tutularaq Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə aparılan fəallardan jurnalist Sevinc Vaqifqızı və AXCP üzvləri Gülnarə Akifqızı, Yeganə Əliyeva, Dilarə Miriyeva şifahi xəbərdarlıq edilərək Bakı vaxtı ilə saat 22.20 radələrində azad buraxılıb. Saat 23 radələrində isə fəallar Fatimə Mövlamlı, Məlahət Yaqubova və Pərvin Abuşova Nizami Rayon Məhkəməsində xəbərdarlıq edilərək azad buraxılıb.
Nizami Rayon Məhkəməsində bu gün Əfqan Sadıqov (jurnalist, azel.tv saytı), Fərid Abdinov (jurnalist, Azad söz saytı), Nurlan Qəhrəmanov (Kanal13 internet televizyasının müxbiri) və AXCP fəalları Elmxan Ağayev, Səxavət Nəbiyevin işlərinə baxılıb, yanvarın 4-də məhkəmənin onlar barədə qərar çıxaracağı gözlənilir. Qeyri-rəsmi məlumatlara görə fəallar İnzibati Xətalar Məcəlləsinin 513.2 maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə ittiham edilir.
Biz fəallar yığılaraq Mehman Hüseynova qarşı cinayət işinin qaldırılması zamanı guya zərərçəkmiş kimi tanınan 14 saylı cəzaçəkmə müəssisəsinin rejim-nəzarət şöbəsinin böyük inspektoru Əli Abdalovun evinin qarşısında `el qınağı` məqsədi ilə aksiya keçirmək istədik.Aksiya iştirakçısı Dilarə Miriyeva
Dilarə Miriyeva Amerikanın Səsinə bildirib ki, polisdə onlardan aksiyanı keçirməkdə məqsədləri və aksiyanın təşkilatçıları barədə sorğu-sual ediblər.
“Biz bildirdik ki, günahsız bloger Mehman Hüseynova qarşı yenidən cinayət işi qaldırılması bir ana, qadın kimi bizi narahat edir. O artıq 8 gündür aclıq keçirir. Biz fəallar yığılaraq Mehman Hüseynova qarşı cinayət işinin qaldırılması zamanı guya zərərçəkmiş kimi tanınan 14 saylı cəzaçəkmə müəssisəsinin rejim-nəzarət şöbəsinin böyük inspektoru Əli Abdalovun evinin qarşısında "el qınağı" məqsədi ilə aksiya keçirmək istədik. Bu zaman onun anasının xəstə olduğunu öyrəndik. Fəallar Abdalovdan fərqli hərəkət edərək onun anasını incitməmək qərarına gəldi və aksiyanı Abdalovun evinin yaxınlığında, Neftçilər metrosunun qarşısında keçirdik,” xanım Miriyeva Amerikanın Səsinə deyib.
Rəsmi qurumlar bu gün keçirilən etiraz aksiyasına hələ münasibət bildirməyib.
Onlar bu aksiya ilə xalqımızın Mehman Hüseynovun taleyinə biganə olmadığını göstərdilər.AXCP sədri Əli Kərimli
Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası isə etiraz aksiyasını dəstəkləyir.
“Bu gün keçirilən “Mehmana dəstək” aksiyasının iştirakçılarına təşəkkür edirəm. Əksəriyyəti qadınlar olan aksiya iştirakçıları özlərini Mehman Hüseynova ana, bacı təsəvvür edərək, qəlblərinin səsi ilə bu qərarı veriblər. Onlar bu aksiya ilə xalqımızın Mehman Hüseynovun taleyinə biganə olmadığını göstərdilər. Mehman Hüseynova, bütün siyasi məhbuslara, eləcə də bugünkü aksiyaya görə saxlanılanlara azadlıq tələb edirəm. Rejim anlamalıdır ki, bu amansız repressiyalar bir gün bumeranq effekti ilə onun özünə zərbə olacaq” , AXCP sədri Əli Kərimli Facebook səhifəsində yazıb.
Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger itthamın yalan və böhtan olduğunu bildirib. O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını vəkilləri vasitəsi ilə bəyan edib.
Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.
Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.
Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.
Hüquq müdaifə təşkilatları ölkədə 150 siyasi məhbusun olduğunu bildirir.
Bununla yanaşı, rəsmi Bakı siyasi məhbusların olmadığını bildirir. Dövlət rəsmiləri bütün fundamental azadlıqların tam təmin edildiyini, fikrinə, siyasi əqidəsinə görə insanların həbs edilmədiyini desə də beynəlxalq təşklatlar Azərbaycanda 10 jurnalist və blogerin həbsdə olduğunu bəyan edir.
Amnesty İnternational Azərbaycanda ondan çox insanı vicdan məhbusu elan edib.