Oktyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının 30 sutka inzibati həbsindən verdiyi şikayəti təmin etməyib.
O, oktyabrın 12-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisə qanuni tələbinə tabe olmamaq) ilə ittiham olunaraq həbs edilib. Lakin Pənahlı məhkəmədə ittihamı rədd edib.
O bildirib ki, oktyabrın 12-də yaşadığı evin yaxınlığında saxlanılıb. Avtomobilini saxlayaraq evinə tərəf gedərkən mülki geyimli şəxslər onu tutub polisə aparıb.
Vəkil Zibeydə Sadıqova N.Pənahlının evinin yaxınlığındakı binanın, həmçinin məktəb və digər obyektlərin müşahidə kameralarındakı görüntülərə baxş keçirilməsi barədə vəsatət qaldırıb.
Öz növbəsində N.Pənahlı heç bir müqavimət göstərmədiyini deyib. Polisdə vəkillə təmin olunmasını və ailə üzvləri ilə əlaqə yaratmasına imkan verilməsini xahiş edib. Ancaq bundan imtina ediblər.
N.Pənahlı deyib ki, onun həbsinin əsl səbəbi oktyabrın 10-da “Obyektiv TV” İnternet televiziyasına müsahibə verməsidir.
“Bu müsahibədə şeyx Paşazadənin (Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə), Əli Həsənovun (Azərbaycan prezidentinin köməkçisi) adlarını çəkmişəm”, N.Pənahlı qeyd edib.
Təxminən iki saatlıq müsahibə zamanı o, əhalinin yaşayış səviyyəsinin pis olmasından və korrupsiyadan danışıb. Həmçinin vaxtilə Heydər Əliyevin düşmənlərini dəstəkləyənlərin indi hakimiyyətdə olduqlarını deyib. Onların arasında prezidentin köməkçisi Əli Həsənovun adını çəkib.
O deyib ki, Ə.Həsənov Moskva Dövlət Universitetinin tələbəsi olduğu vaxtlarda Əbdürrəhman Vəzirovu (Azərbaycanın keçmiş Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi olub) dəstəkləyən məktubların yazılmasına və göndərilməsinə təşəbbüs göstərib.
Həmçinin Ayaz Mütəllibovun hakimiyyəti dövründə Şeyxülislam Allahşükür Paşazadəni Heydər Əliyevin əleyhdarı adlandırıb.
Hakim Mirzəli Abbasov N.Pənahlının çıxışını dinlədikdən sonra şikayəti təmin etməyib.
Nemət Pənahlı 1988-ci ilin noyabrında Bakıda “Azadlıq” meydanında (o zamankı Lenin meydanı) keçirilən çoxgünlük mitinqlərin aparıcısı kimi yadda qalıb.
1993-cü ildə Heydər Əliyevin komandasına daxil olub. Lakin 1995-ci ildə hakimiyyəti seçkilərin saxtalaşdırılmasına hazırlaşmaqda ittiham edərək vəzifəsini tərk edib.
2011-ci ildə xuliqanlıq ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Lakin 2016-cı ilin martında əfv olunub.
Öz növbəsində Şeyxülislam Allahşükür Paşazadə və Əli Həsənov hələ Pənahlının dediklərinə münasibət bildirməyib. Hər iki şəxs bir qayda olaraq özlərini mərhum prezident Heydər Əliyevin və indiki prezident İlham Əliyevin tərəfdarı kimi təqdim edir.