Mayın 16-da Bakı Apellyasiya Məhkəməsi hakim Əflatun Qasımovun sədrliyi ilə AXCP üzvü Orxan Baxışlının barəsində seçilmiş 4 ay həbs qətimkan tədbiri ilə bağlı Yasamal rayon Məhkəməsinin 9 may 2018-ci il tarixli qərarından verilən apellyasiya şikayətini təmin etməyib.
Vəkili Elçin Sadıqov bildirib ki, növbəti həftə Orxan Baxışlı barədə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə Yasamal rayon Məhkəməsinə müraciət edəcək.
“Məhkəmədə Orxan Baxışlı işgəncəyə məruz qalmadığını, səhhətinin normal olduğunu bildirdi. O apellyasiya şikayətini müdafiə etdi və barəsindəki cinayət işinin ləğv edilməsini istədi. Orxan Baxışlı mövqeyi budur ki, ümumiyyətlə siqaret çəkməyib, narkotik maddə görməyib. Məhkəmə heyətinin diqqətinə çatdırdı ki, narkotik maddənin onun cibinə polislərin yerləşdirdiyini ehtimal edir”, vəkil qeyd edib.
AXCP Gənclər Komitəsinin Ali Məclis üzvü Orxan Baxışlı mayın 7-də Bakıda Elmlər Akademiyasının binasının qarşısındakı bağda mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham irəli sürülüb. Mayın 9-da Yasamal rayon Məhkəməsi fəalın barəsində dörd aylıq həbsqətimkan tədbiri seçib. Orxan Baxışlı Milli Şuranın bu il martın 31-də keçirdiyi mitinqdən öncə də saxlanılmışdı. Ona polisin qanunu tələbinə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs verilmişdi.