Accessibility links

Kiyev məhkəməsi Fikrət Hüseynli ilə bağlı prokurorluğun şikayətini təmin etməyib


Fikrət Hüseynli
Fikrət Hüseynli

Fevralın 13-də Kiyev şəhərinin Apellyasiya Məhkəməsi jurnalist Fikrət Hüseynlinin işi üzrə təhqiqata baxışını başa çatdırıb. Məhkəmə jurnalistlə bağlı prokurorluğun verdiyi şikayətdən imtina edib və işin bağlanması barədə qərar qəbul edib.

Bu barədə Fikrət Hüseyni Amerikanın Səsinə bildirib.

“Bundan sonra prokurorluq ekstradisiya yoxlamasını başa çatdırıb, mənə işin bağlandığı barədə sənəd verib yola salmalıdır. İndi sənədin hazrlanmasının bir az vaxt çəkəcəyini bəhanə edib sənəd hazır olana qədər Kiyevdə qalmağımla bağlı qərar çıxarmağa çalışırlar”, o qeyd edib.

Yanvarın 17-də başlayan məhkəmə baxışı bundan öncə prokurorluğun təşəbbüsü ilə dörd dəfə təxirə salınmışdı.

Fikrət Hüseynli Azərbaycanda nəşr olunmuş “Azadlıq” qəzetinin əməkdaşı olub. O, təqiblərlə üzləşdikdən sonra Azərbaycandan Niderlanda mühacirət edib və bu ölkənin vətəndaşlığını alıb. Jurnalist 2017-ci il oktyabrın 14-də Azərbaycanın sorğusu əsasında İnterpol xətti ilə Kiyevdən Düsseldorfa uçarkən saxlanılıb.

Oktyabrın 18-də Ukraynanın Borispol şəhər Məhkəməsi onu Azərbaycana ekstradisiyası məsələsinə baxmaq üçün 18 gün müddətinə həbs edib.

Hüseynli ittihamları təkzib edib və ona qarşı cinayət işini siyasi sifariş adlandırıb.

Oktyabrın 27-də Kiyevin Lukyanovski Məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai xadim Boris Zaxarovun zaminliyi ilə Hüseynlini azad edib. Eyni zamanda, məhkəmə dövlət ittihamçısının Hüseynlinin Azərbaycana ekstradisiyası haqqında vəsatətini təmin etməyib.

Kiyev prokurorluğu Hüseynlinin azad edilməsindən apellyasiya şikayəti verib və onun həbs edilməsini tələb edib. Dekabrın 27-də etiraza baxılması müddəti başa çatıb.

XS
SM
MD
LG