Accessibility links

“Dəmirbank”ın şöbə müdiri milyonlarla vəsaiti mənimsəməkdə günahlandırılır


Dəmirbank bankı
Dəmirbank bankı

Dekabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Dəmirbank” ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinədarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Şöbə müdiri əmanətçilərin milyonlarla manat vəsaitini mənimsəməkdə günahladırılır.

Report agentliyi məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən F.Rəşadətli sonda ifadə verəcəyini deyib.

Daha sonra digər təqsirləndirilən F.Qarayev dindirilib. O, 2012-2014-cü illərdə “Dəmir Bank”da xəzinadar vəzifəsində işlədiyini söyləyib: “Bankda müştərilər çox olurdu, ittihamda zərərçəkmiş qismində göstərilmiş Elnur Məmmədlini tanımıram. Amma məxaric orderi ilə ona pul verilib”.

O, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini deyib: “Firəngiz xanıma pul Fərəh Rəşadətlinin otağında verilib. Digərləri yadımda deyil”.

Təqsirləndirilən T.Xanlarova ifadəsində qeyd edib ki, bankda əməliyyatçı-xəzinadar vəzifəsində çalışıb. O, pulların bir çoxunu F.Rəşadətliyə verdiyini bildirib: “Fərəh xanımla yaxşı münasibətlərim olub. Onun pulu mənimsəməsindən xəbərim yoxdur”.

Zərərçəkmiş Sevda Xəlilova dindirilib. O, “Dəmir Bank”a 600 min manat və 150 min dollar əmanət qoyduqlarını deyib: “300 min öz adıma, 150 min dolları qızım Firəngiz Xəlilovanın adına və 300 min manatı isə digər qızım Gülnur Axundovanın adına qoyduq. Bir müddət faiz aldıq. Sonra problemlər yarandı. Bu barədə Fərəh xanıma dedim. O da baş ofisə getməyimizi söylədi. Orada isə adımızda pul olmadığını, hesabımızdan pulun çıxarıldığını dedilər”.

S.Xəlilova dəymiş zərərin ödənilməsini istəyir: “Mənim və qızlarımın adına olan pulların ödənilməsini tələb edirəm”.

Məhkəmənin növbəti iclası dekabrın 28-nə təyin edilib.

İttihama əsasən, F.Rəşadətli “Dəmir Bank” ASC-nin Bayıl filialının müdiri vəzifəsində çalışarkən qulluq mövqeyindən istifadə etməklə Əzizə Axundovaya məxsus 1 milyon 225 min manatı ələ keçirib. Ə.Axundova həmin məbləği banka depozit kimi qoymaq istəyib. F.Rəşadətli həmin məbləği sənədləri saxtalaşdırma yolu ilə mənimsəyib.

İttihama görə, F.Rəşadətli eyni üsulla Bəhruz Axundovu da aldadıb. Belə ki, onun 800 min manatını ələ keçirib.

Bundan başqa, F.Rəşadətli eyni dələduzluq əməlləri ilə Pərvanə Əliyevanın 400 min, Gülnur Axundovanın 300 min, Sevda Xəlilovanın 300 min, Firəngiz Məmmədlinin 150 min dollarını, Ruslan Qasımovun 100 min dollarını dələduzluq yolu ilə mənimsəyib.

F.Rəşadətli məhkəmədə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.

Digər təqsirləndirilən Fariz Qarayev və T.Xanlarova isə özünü qismən təqsirli bildiklərini söyləyiblər.

Prosesdə “DəmirBank”ın nümayəndəsi mülki iddia qaldıraraq banka dəyən maddi və mənəvi ziyana görə 100 min manat ödənilməsini tələb edib.

Qeyd edək ki, F.Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 179.3.2-ci (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), F.Qarayev və T.Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər. Onların hər üçü barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

Cinayət işində 8 nəfər zərərçəkmiş var.

Daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasında cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilib. Hakim bildirib ki, ibtidai istintaq zamanı bir sıra pozuntulara yol verilib. İş yenidən araşdırılaraq məhkəməyə göndərilib.

Məhkəmənin hazırlıq iclasında zərərçəkmişlər vəsatət qaldırıb. O, təqsirləndirilən F.Rəşadətlinin barəsində ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbirinin seçilməsini istəyib. Məhkəmə zərərçəkmişin vəsatətini təmin edib. F.Rəşadətli məhkəmə zalında həbs edilib.

XS
SM
MD
LG