Accessibility links

Məhkəmə müəllimin iddiası ilə tələbəni cəzalandırıb


Zəka Mirağayev
Zəka Mirağayev

Noyabrın 8-də Yasamal Rayon Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini, dosent Nigar İsmayılzadənin həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevin barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə iclası davam etdirilib.

Report agentliyinin məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Z.Mirağayevin aylıq əmək haqqının 15 faizi dövlət nəfinə tutulmaqla o, 1 il islah işləri cəzasına cəlb edilib.

BDU-un İlahiyyat fakültəsinin dekan müavini, dosent N.İsmayılzadə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, həmin fakültənin 4-cü kurs tələbəsi Z.Mirağayevin Cinayət Məcəlləsinin (CM) 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini istəyir. O, məhkəməyə müraciətində göstərib ki, Z.Mirağayev ona böhtan atıb, ağır cinayət törətməkdə ittiham edərək təhqir edib.

Dekan müavininin iddia ərizəsinə əsasən, bir müddət öncə KİV-də onun haqqında bir neçə məqalə dərc olunub. Həmin məqalələrdə N.İsmayılzadə özünün ünvanına təhqiredici ifadələr və böhtan xarakterli məlumatlar əks etdirildiyini deyib.

Məhkəmə iclasında N.İsmayılzadənin vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulov iddia ərizəsinə əlavəni məhkəməyə təqdim edib. Belə ki, dekan müavini tələbənin CM-nin 148-ci (təhqir) maddəsi ilə də cəzalandırılmasını istəyir. İddia əlavə icraata qəbul olunub.

Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, Z.Mirağayev Azərbaycanı tərk etdiyi üçün onun barəsində axtarış verilib. Qərarın icrası Yasamal Rayon Polis İdarəsinə həvalə olunub. Məhkəmə müvəqqəti olaraq cinayət işinin icraatını dayandırıb. Bir müddət sonra isə Z.Mirağayev özü Azərbaycana geri qayıdıb.

XS
SM
MD
LG