Accessibility links

Saytlar Baş Prokurorluğun məktubu əsasında bloklanıb - məhkəmə davam edir [Video]


Saytlar Baş Prokurorluğun məktubu əsasında bloklanıb - məhkəmə davam edir
please wait

No media source currently available

0:00 0:04:23 0:00

Vəkillər təqdim edilən sübutlarda çağırış olmadığını bildirib

Mayın 1-də Bakının Səbael rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin bir sıra saytlara girişə blok qoyulması tələbi barədə iddiasına baxış davam etdirilib.

Məhkəmədə çoxsaylı jurnalistlər, ictimaiyyətin nümayəndələri, ABŞ, Böyük Britaniya, Almaniya səfirliklərinin və Avropa İttifaqının nümayəndələri iştirak edib.

Media qurumlarının hüquqlarını vəkillər Adil İsmayılov, Elçin Sadıqov, Cavad Cavadov, Səməd Rəhimli müdafiə edir.

Nazirlik iddia ərizəsində məhkəmədən “dövlətin və cəmiyyətin qanuni maraqlarına təhlükə yaratdıqları üçün” azadliq.info (“Azadlıq” qəzeti), azadliq.org (“Azadlıq Radiosu”), “azerbaycansaati.com” domenlərinə, habelə “Azərbaycan saatı” televerilişinin yerləşdirildiyi İnternet-resurslara və Turan telekanalına (Turan TV) girişin məhdudlaşdırılması haqqında qərar qəbul etməyi xahiş edir.

İddiada konstitusiyalı quruluşun devrilməsinə, iğtişaşlara, zorakılığa, ictimai asayişin pozulmasına, ədavətə, dini ekstremizmə yönəlmiş çağırışlar olduğu halda saytları bağlamağa imkan verən qanun normalarına istinad edilib.

“Baş Prokurorluğun 27 mart tarixli məktubu əsasında Nəqliyyat, Rabitə və Yüksək Tüxnologiyalar Nazirliyinin qərarı ilə Elektron Təhlükəsizlik Mərkəzi azadliq.info, azadliq.org, “azerbaycansaati.com” domenlərinə,“Azərbaycan saatı” televerilişinin yerləşdirildiyi İnternet-resurslara və Turan telekanalına girişi ölkə ərazisində məhdudlaşdırıb. Nazirlik yalnız Baş Prokurorluğun apardığı araşdırma nəticəsində bu qərarı qəbul edib. Eklektron Təhlükəsizlik Mərkəzində hər hansı araşdırma, linqivistik ekspertiza aparılamyıb. Prokurorluğun araşdırması nəticəsində nazirlik qərara gəlib ki, həmin saytlarda dərc olunan materiallarda Azərbaycanın konstitusiyalı quruluşunu dəyişməyə, ictimai sabitliyə, dini ədavəti qızışdırmağa çağırışlar var”, nazirliyin nümayəndəsi Bəxtiyar Məmmədov məhkəmənin diqqətinə çatdırıb.

Bu zaman vəkillər təhlükəli çağırış olan sübutların təqdim edilməsini istəyib.

Nazirliyin nümayəndəsi saytlardan skrin-şot edilmiş məqalələri və məqalələrdən çıxarışları təqdim edib.

“Bu materialları Baş Prokurorluq nazirliyə təqdim edib”, Bəxtiyar Məmmədov qeyd edib.

Vəkillər ilkin tanışlıqdan sonra müəyyən ediblər ki, bəzi məqalələr hətta prokurorluğun məktubundan sonrakı tarixə aiddir.

Vəkil Adil İsmayılov konkret olaraq azadliq.org saytında çağırış əks olunan hansı məqalələr olduğunu sadalanmasını nazirliyin nümayəndəsindən xahiş edib.

Məmmədov “Son 2 gündə 4 nəfərin özünü öldürdüyü deyilir”, “Cəmil Həsənli: Aksiyaları zəruri edən şərtlər var”, “Heydər Əliyev Fondunun Rumıniyada qaranlıq biznesi” materiallarını təqdim edib.

Vəkilin, bu məqlalələrdə hansı çağırışlar var? - sualının cavabında Bəxtiyar Məmmədov deyib ki, Baş Prokurorluq və təmsil etdiyi qurum hesab edir ki, çağırışlar var. Amma o, çağırışların nədən ibarət olduğunu deyə bilməyib.

Nazirliyin nümayəndəsi həmçinin azadliq.info saytında dərc olunmuş “Əliyev rejiminin gələcəyi yoxdur, ona yalnız avtoritar qəsbkar kimi baxılacaq”, “Əliyevin yarımçıq əfv sərəncamı haqlı narazılıq və suallar doğurur”, “Milli Şura mitinq müzakirəsinə başladı”, “Bakıdakı rejim korrupsionerdir, avtoritardır, iqtisadi böhran içindədir”, “Xalq mən varam desə..”, meydan,tv-də dərc olunmuş “Cəmil Həsənlıi: Kütləvi aksiyalar müzakirə mərhələsindədir”, “Dini təhlükə və avtoritarizm bir-birinin donoru kimi” və digər saytlardakı bu tipli məqalələri təqdim edib.

Digər saytların təmsil edən vəkillərin təqdim edilmiş məqalələrdə hansı çağırışların olması ilə bağlı sualları da nazirliyin nümayəndəsi prokurorluğun araşdırdığı tədqiqatlara görə çağırışların olduğu cavabını verib.

Turan.tv saytı ilə bağlı isə sübut kimi ümumiyyətlə material təqdim edilməyib.

Bu halda vəkillər linqvistik ekspertizanın təyin edilməsi, Baş Prokurorluğun tərəf kimi məhkəməyə cəlb edilməsi barədə vəsatətlər qaldırıb. Məlum olub ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdindəki qurumlarda ümumiyyətlə linqvistik ekspert yoxdur və belə ekspertiza aparılmır.

Vəkil Elçin Sadıqov deyib ki, Mili Şura icazəli mitinq keçirib və bu barədə Milli Şuranın sədrinə istinadla yazı dərc edilib.

“Burada konstitusiyalı quruluşu dəyişməyə, qanunla qorunan mənafelərə zidd hansı çağırış var? Belə görünür ki, deputat Siyavuş Novruzovun dediklərini yazmaq olar, digərlərinin dediklərini yox”, vəkil qeyd edib.

Vəkil eyni zamanda deyib ki, meydan.tv saytı ilə bağlı cəmi iki məqalə təqdim olunub və orada hər hansı çağırışdan söhbət gedə bilməz.

“İki məqaləyə görə, bir saytı bağlamaq olar?”, Sadıqov sual edib.

Azadlq.info, azerbaycansaati.com, turan.tv saytlarının hüquqlarını müdafiə edən vəkillər Səməd Rəhimli və Cavad Cavadovun da eyni məzmunlu sualları cavabsız qalıb.

Sonda hakim Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsindən tələblərinin dəqiqləşdirilməsini, saytlara girişin məhdulaşdırılması ilə bağlı vaxt müəyyən edilməsini və sübutlarına bir daha nəzər yetirmələrini istəyib.

Məhkəmə mayın 3-də saat 15.00-də davam etdiriləcək.

XS
SM
MD
LG