Martın 30-da Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı növbəti qərarını elan edib və mülkiyyət hüququnun pozulmasını tanıyıb.
Məhkəmənin press-relizində bildirilir ki, Gəncədən olan sahibkar İlqar Məhərrəmov şəhərdəki dükanının sökülməsindən şikayət edib.
Bu 2004-cü ildə Gəncə şəhər İcra Hakimiyyəti qurumlarının sahibkardan dükanı boşaltmasını tələb etdikdən sonra baş verib. tələb dükanın qarşısından keçən avtomobil yolunun genişləndirilməsi ilə izah edilib.
İ.Məhərrəmov kompensasiya tələb edib, ancaq buna məhəl qoyulmayıb və dükan sökülüb.
O, öz şikayətində göstərib ki, mağaza onun razılığı və məhkəmənin qərarı olmadan sökülüb.
Yerli məhkəmələr iddiaçının şikayətini təmin etməyib.
AİHM-in qərarında deyilir ki, yerli məhkəmələr sahibkarın mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnu pozub.
Məhkəmədən həmin hüquqların pozulmasının tanınması və kiçik sahibkara dükana görə 90 min 322 avro, maddi zərərə görə 90 min 412 avro, mənəvi zərərə görə 10 min avro, hüquq məsrəflərinə görə isə 2534 avro ödənilməsi tələb olunub.
AİHM mülkiyyət hüququnun pozulduğunu tanısa da kompensasiya barədə qərar çıxarmağa hazır olmadığını bildirib. Bu məsələ ilə bağlı ərizəçi və hökumət arasında kompensasiyanın məbləği barədə razılığın əldə edilə biləcəyi ehtimal olunur. Bu 3 ay ərzində reallaşmalıdır.