Azərbaycan Ali Məhkəməsi ömürlük azadlıqdan məhrum edilmiş Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun kassasiya şikayətini təmin etməyib.
Vəkil Elçin Sadıqov bildirib ki, kassasiya şikayətində onların barəsində tətbiq edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzasının 2000-ci ilə qədər qüvvədə olan Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunması xahiş edilib.
“Ali Məhkəmənin qərarı qanunsuzdur. Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəm”, vəkil Amerikanın Səsinə bildirib.
Hər üç şəxs Qazax rayonunda 1995-ci ilin martında keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) yerli bölməsinin hökumətin göstərişlərinə tabe olmamasından sonra saxlanılıb. Hökumət Qüvvələri ilə silahlı toqquşma nəticəsində 1 nəfər polis həlak olub, çoxsaylı insan yaralanıb. Beləliklə, hökumət qüvvələri XTPD-nin yerli bölməsini zərərsizləşdirib. XTPD-nin yerli bölməsinin komandiri Elçin Əmiraslanov və digər çoxsaylı insan həbs olunub. Onlardan Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov 1996-cı ildə məhkəmənin hökmü ilə ölüm cəzasına məhkum edilib. Sonradan ölkədə ölüm hökmü ləğv edildiyindən onların cəzaları ömürlük həbslə əvəz olunub.
Onlar Qaradağ rayon Məhkəməsinə etdikləri müraciətdə cəzalarının 20 illik həbslə əvəz edilməsi və azadlığa buraxılmalarını istəyiblər. Lakin məhkəmə müraciəti təmin etməyib. Bu qərardan verilən apellyasiya şikayəti də təmin edilməyib.