Dekabrın 22-də Şirvan Apellyasiya Məhkəməsində hakim Ələsgər Novruzovun sədrliyi ilə satirik şair, narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmiş Tofiq Həsənlinin şikayəti üzrə qərar açıqlanıb.
Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, dövlət ittihamçısı hökmün qüvvədə saxlanmasını istəyib, vəkil isə T.Həsənliyə bəraət verilməsini xahiş edib.
Şair özü saxlanma zamanı polisin qanun pozuntusuna yol verdiyini deyib. Belə ki, onun çalışdığı mağazada sanksiyasız, vəkil və mülkiyyətçinin iştirakı olmadan axtarış aparılıb.
T.Həsənli ona bəraət verilməsini və ya saxlanıldığı müddətin cəza müddətinə hesablanması üçün ittihamın az ağır maddəyə tövsif edilməsini xahiş edib.
Ancaq məhkəmə hökmü dəyişməyib.
Müdafiə tərəfi Ali Məhkəməyə kassasiya şikayəti vermək, sonra isə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətindədir.
Tofiq Həsənli 2016-cı il avqustun 22-də qanunsuz narkotik maddə dövriyyəsi ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
O, hakimiyyətin və dövlət məmurlarının ünvanına tənqidi şerləri ilə tanınır.
2005-ci ildə narkotik maddəyə görə 3 il müddətinə azadlıqdan məhrum edilib, amma 2007-ci ildə amnistiya ilə azadlığa buraxılıb.
T.Həsənli Facebook və Youtube-da satiralarını dərc etdirməyə davam edib. 2015-ci ilin yanvarında həbslə hədələndiyini bildirib, oktyabrda isə saxlanılıb.