Oktyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada İŞİD tərəfində döyüşməkdə ittiham edilən Azərbaycan vətəndaşları Telman Bəkirov və Mübariz Tahirovun məhkəmə prosesi başa çatıb.
Onlar Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub.
İstintaq materiallarına görə, Telman Bəkirov və Mübariz Tahirov 2014-2015-ci illərdə İraq və Suriya ərazisində qanunsuz silahlı birləşmələrdə, o cümlədən İŞİD terrorçu təşkilatının tərkibində iştirak ediblər.
Proses zamanı T.Bəkirov bildirib ki, etirafedici ifadəni təzyiq altında verib. Onun sözlərinə görə, Suriyaya getməyib, ancaq pul qazanmaq üçün Türkiyəyə gedib və geri qayıdıb.
M.Tahirov bildirib ki, Suriyaya getmək istəyib və Türkiyənin Qaziantep şəhərinə qədər gedib. Sonradan geri qayıtmaq qərarına gəlib, lakin bir müddət onu məcburən orada saxlayıblar.
Prosesdə bu iş üzrə adı keçən Mahmud Rəsulovun qohumları da iştirak edib.
Onların sözlərinə görə, M.Tahirov M.Rəsulovu onunla Suriyaya getməyə razı salıb. Doğmalarının sözlərinə görə, Rəsul M.Tahirovla tanışlıqdan əvvəl namaz qılmırmış.
2014-cü il dekabrın 31-də M.Rəsulov yoxa çıxıb və qohumları M.Tahirovdan tələb ediblər ki, onun yerini söyləsin. M.Tahirov bildirib ki, M.Rəsulov özü Suriyaya gedib və onun haqqında heç bir məlumatı yoxdur.
Prokuror yekun çıxışında hər iki müttəhimin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Müttəhimləri dövlət vəkilləri müdafiə edib. Onlar qısa yekun sözlə çıxış edərək müttəhimlərə bəraət verilməsini xahiş ediblər.
Məhkəmə məşvərətdən sonra hökmü açıqlayıb. Müttəhimlərin hər biri 14 il azadlıqdan məhrum edilib.