Accessibility links

Vəkil Əfsər Talıbov: Gülər Əhmədova barəsində bəraət hökmü çıxarılsın


Gülər Əhmədova (Foto Publika.az saytından götürülüb)
Gülər Əhmədova (Foto Publika.az saytından götürülüb)

Proses dekabrın 2-də davam etdiriləcək

Noyabrın 26-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə keçmiş millət vəkili Gülər Əhmədovanın məhkəmə prosesi davam edib. Bugünki prosesdə vəkil Əfsər Talıbov çıxış edib.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.

Vəkilin sözlərinə görə, deputat mandatı alveri ilə bağlı video montaj edilib, videoda pulun verilməsi faktı yoxdur. Odur ki, G.Əhmədova uydurma ittihamla həbs edilib.

O, həmçinin 307.2-ci maddənin (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) əsassız olduğunu bildirib. “Çünki həmin maddəyə əsasən G. Əhmədovanın Səlcuq Ağlayanla cinayət əlaqəsinə girərək Sevinc Babayevanı Türkiyədə gizlətməsi ittihamı irəli sürülüb. Lakin Türkiyə məhkəməsi tərəfindən Səlcuq Ağlayan bəraət alıb. Bunun üçün də həmin maddə əsassız hesab olunmalıdır”, - vəkil bildirib.

Əfsər Talıbov bildirib ki, Gülər Əhmədovanın əməlində cinayət tərkibi yoxdur. Vəkil məhkəmədən xahiş edib ki, cinayət işinə xitam verilsin və Gülər Əhmədova barəsində bəraət hökmü çıxarılsın.

Daha sonra son söz demək üçün söz Gülər Əhmədovaya verilib.

O, çıxışa hazır olmadığını bildirib. “Mən özümü yaxşı hiss etmirəm. Təcridxanada isə yaxşı həkim yoxdur. Prosesə gələndə dərman içib, gəlirəm. Xahiş edirəm ki, yaxşı bir həkimin məni müayinə etməsinə köməklik göstərəsiniz. Həmçinin prosesdə vəkilimin yanında oturmağıma icazə vermənizi xahiş edidrəm. Bu, iztirablardan bir qədər azad olmağıma kömək edər”.

Hakim isə deyib ki, həkim məsələsi məhkəmənin səlahiyyətində deyil. Məhkəmə G. Əhmədovaya çıxış üçün vaxt verib.

Proses dekabrın 2-də davam etdiriləcək.

Prokuror məhkəmədən G. Əhmədovaya 4 il həbs istəyib.
XS
SM
MD
LG