Accessibility links

Məhkəmə generalın keçmiş həyat yoldaşı ilə bağlı cinayət işinə baxır


 Məhkəmə
Məhkəmə

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Şəkinskinin keçmiş həyat yoldaşı Gülnarə Şəkinskaya və digərlərinin işi üzrə məhkəmə prosesi başlayıb.

Gülnarə Şəkinskaya 2014-cü ildə keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindən 60 min manat pulu oğurlamaqda ittiham olunur. İttihama görə, Gülnarə Şəkinskaya və övladları Nadiya, Həmidə, Məryəm və Cəvahir Şəkinskayalar saxta sənədlərlə sərhədi qanunsuz keçiblər

İttiham olunanlar Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə günahlandırılır.

Günahlandırılanlardan biri də Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevdir. O, ailəyə yardım göstərməkdə və rüşvət almaqda ittiham edilir. Əliyev ölkəni tərk edib və hazırda Almaniyada yaşayır.

O, Azadlıq qəzetinə bildirib ki, 2014-cü ilin yanvarında Gülnara Şəkinskaya Azərbaycan Miqrasiya Mərkəzinin (AMM) rəhbəri kimi ona müraciət edib və keçmiş əri tərəfindən himayəsində olan uşaqlarının zorla alınması təhlükəsi olduğunu bildirib. Əliyev Gülnarə Şəkinskayaya qaçqın statusu almaq üçün beynəlxalq hüquq normalarını və yerli qanunvericiliyi izah edib.

Hüquq müdsafiəçisi Emin Şəkinskinin keçmiş həyat yoldaşına işgəncə verdiyini sübut edən dəlillər olduğunu deyib: “Boşanmalarına baxmayaraq polis əməkdaşlarını qanunsuz olaraq ona nəzarət üçün ayırıb. Ruhi-əsəb xəstəlikləri dispanserinə apartdırıb”.

Əliyev Gülnarə Şəkinskayanın 2014-cü ilin aprelində Gürcüstana keçdiyini bildirib.

O, Emin Şəkinskinin pulunun oğurlanması ilə bağlı ittihamın yalan olduğunu deyib.

“Guya Emin Şəkinskinin pulu olub. Bu məlumat tam yalandır. Gülnarənin yaşadığı ev Bayraq meydanının tikintisi ilə əlaqədar söküldüyünə görə, Bakı Şəhər İcra Hakimiyyətindən aldığı pulu olduğu kimi bankların birində hesab açaraq həmin hesaba köçürmüşdü. Bunu yəqin ki, istintaq orqanı istəsə, araşdıra bilərdi.

O, çox halal, vicdanlı, mükəmməl təhsil almış və dindar xanım idi. Ondan boşanmış bir kişinin onun mənzilinə girməsi və orada pul saxlaması, sonradan isə həmin pulların Gülnarə xanım tərəfindən oğurlanması kimi nağıla DİN, ancaq Azərbaycan Respublikasının Prokurorluğunu “inandıra” bilər və bu işə görə ittiham aktı təsdiq etdirə bilər”.

Hüquq müdafiəçisi ailənin köləlikdən xilas olunmasına etdiyi yardım üçün peşman deyil və buna çox sevinir.

“Çünki mən rəhbərlik etdiyim təşkilatın nizamnaməsinə, Azərbaycanın qanunlarına və beynəlxalq normalara uyğun hərəkət etmişəm”, Əliyev qeyd edib.

Əliyev öz ailəsinin də təzyiqlərə məruz qaldığını deyib.

“Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları heç bir dəvət göndərmədən, zorla mənim bacı və qardaşlarımı istintaqa aparıb. Hətta Abşeron rayonu Masazır kəndində qeydiyyatda olduğum evə nümayəndə göndərməklə xanımımı və azyaşlı qızımı da zorla istintaq orqanına aparmağa cəhd ediblər. Bu münasibətdən sonra uzun aylar xanımım və azyaşlı qızım müxtəlif qohumlarımın evində gizli yaşamalı oldular. Daha sonra Şəkinski vərdiş etdiyi cinayəti mənim ailə üzvlərimə qarşı törətməkdən çəkinmədi. O, ailə üzvlərimin ölkədən çıxarılmasına şifahi göstərişlə qadağa qoymuşdu. Lakin mən bu problemi “Azərbaycansayağı” həll edə bildim və uşaqlarımı Tiflisə daha sonra Almaniyaya gətirə bildim”, Əliyev qeyd edib.

XS
SM
MD
LG