Məhəmməd Rəhmanifərin sözlərinə görə, SSRİ-nin dağılması və Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etməsindən sonra Arazın iki tayında fəaliyyət göstərən şair, yazar və ədəbiyyat xadimləri arasında əlaqələr çoxalıb amma bu əlaqələr müəyyən bir hədəf uğrunda yönləndirilməmiş, bəlkə daha çox şəxsi münasibətlər üzərində qurulmuşdur. Təbrizdən Amerikanın Səsinə danışan yazar İran Azərbaycanı və Azərbaycan Respublikası arasındakı ədəbi əlaqələrin keçmiş və hazırkı durumunu dəyərləndirib.
Şəhriyarla Birlikdə Özgələşməkdən Özləşməyə Doğru adlı kitabın müəllifi bu yaxınlarda ustad Şəhriyarla əlaqədar bir tədbirdə iştirak etmək üçün Bakıya səfər edib. O, bu səfərdə keçirdiyi görüşləri "müsbət və faydalı" dəyərləndirir.
Rəhmanifər Sovet dönəmi və bu dövrdən əvvəl və sonrakı zamanlarda Arazın iki tayındakı şairlər və ədəbiyyat xadimləri arasındakı əlaqələrin fərqli səviyyələrdə olduğuna diqqət çəkir.
Amma, o tayın ədəbiyyatından çap olunan bu əsərlərin 50 faizi dəyərli əsərlər olsa da, ki mən buna şübhə ilə baxıram, 50 faizindən çoxu dəyərsiz və zəif işlərdir. Niyə? Çünki şəxsi münasibətlər əsasında olur bu işlər.Məhəmməd Rəhmanifər
Onun söylədiklərinə görə, SSRİ dövründə 1946-cı il (Azərbaycan Milli Höküməti dönəmi) istisna olmaqla Azərbaycan Respublikası və İran Azərbaycanı arasında mövcud olan ədəbi əlaqələr yox həddində olub.
“Amma sevindiricidir ki, Azərbaycan istiqlaliyyətini əldə etdikdən sonra get-gəllər başlayır və Arazın iki tayından ədəbiyyatçılar da başqa qruplar kimi o biri tərəfə səfər edə bilirlər,” deyə Məhəmməd Rəhmanifər hazırda şimal və cənub arasındakı ədəbi əlaqələrin keçmiş dövrlər ilə müqayisədə daha çox olduğunu deyir.
O, bu əlaqələrin genişlənməkdə olduğunu müsbət dəyərləndirsə də, bunun müəyyən hədəflər uğrunda yönləndirilməmiş və şəxsi münasibətlər üzərinə qurulmuş olduğunu vurğulayır.
“Bu əlaqələr istiqamətləndirilmir və görüşmələr müəyyən proqram ya hədəflər istiqamətində aparılmır. Orada ya burada müəyyən qurumlar bu işi görmürlər ki bunları bir növ yönləndirib və nəticə ala bilsinlər. Daha çox şəxsi səviyyədə olur,” o söyləyir.
Məhəmməd Rəhmanifər əlavə edir: “bizim burada bu gün Azərbaycan Respublikası ədəbiyyatından bir çox kitablar çıxır. Amma, o tayın ədəbiyyatından çap olunan bu əsərlərin 50 faizi dəyərli əsərlər olsa da, ki mən buna şübhə ilə baxıram, 50 faizindən çoxu dəyərsiz və zəif işlərdir. Niyə? Çünki şəxsi münasibətlər əsasında olur bu işlər. Yəni mən bir naşir olaraq birindən xoşlanmışam, onunla dostluq etmişəm, gəlirəm burada onun əsərini təbliğ edib yayımlayıram. Ya birinin pulu vardır, istəyir kitabı burada yayılsın. Bunun əksi də eyni şəkildə işləyir.”