Sabiq siyasi məhbus Mehdi Kuxiyan Amerikanın Səsi ilə söhbətdə İran Azərbaycanında həbsxanaların vəziyyəti, məhbusların yaşayış şəraiti, habelə siyasi məhbusların üzləşdiyi basqıları şərh edib.
Bu yaxınlarda İran Azərbaycanı və Tehranda həbsdə saxlanılan bir neçə türk fəal siyasi məhbusların məruz qaldığı çətinliklərə etiraz olaraq aclıq aksiyası başlatmışdılar.
Müxtəlif yolları gedirsən sonunda çıxılmaz vəziyyətə yetişirsən məcbur olursan öz canından geçəsən ki sözünü çatdırasan bunların qulağına. Bəlkə bu yolla istəklərinə çatasan.
Marağa həbsxanasında həbsdə ikən bir neçə dəfə aclıq aksiyası keçirmiş olan Mehdi Kuxiyan aclığın bir məhbusun hüquqlarını tələb etmək üçün baş vurduğu son yol olduğunu vurğulayır.
“Aclıq aksiyası məhbusun ədalətsizliyə qarşı, təhqirlərə qarşı, basqılara qarşı və dosyesinin durumuna görə olur. Bu bir məhbusun son yolu və istifadə edə biləcəyi son vasitədir. Müxtəlif yolları gedirsən sonunda çıxılmaz vəziyyətə yetişirsən məcbur olursan öz canından geçəsən ki, sözünü çatdırasan bunların qulağına. Bəlkə bu yolla istəklərinə çatasan... Xüsusilə quru aclıq çox çox təhlükəlidir və ola bilər ki, məhbusun sağlamlığı tamamən təhlükəyə düşsün, böyrəkləri aradan getsin və ya qəlbi yatsın,” hazırda Almaniyada qaçqın həyatı yaşayan fəal söyləyir.
Kuxiyan həbsxanaların həcmindən qat-qat artıq doldurulduğunu bildirir. Onun sözlərinə görə, “zindan tikiləndə ona bir tutum təriflənir. Təəssüf ki, Azərbaycandakı zindanlarda bu tutumun iki ya üç qatına qədər məhbus yerləşdirirlər. Bu da səbəb olur ki, məhbuslar salonlarda və otaqlarda yerdə yatsınlar. Bu səbəblə, mühitin antisanitariya şəraitində olduğuna görə, məhbusları bit və taxtabiti sancır.”
Həbsxanalarda ən çox mədə-bağırsaq xəstəlikləri var. Bir də diş və diş əti infeksiyaları.
O, həbsxanadalarda yemək və qidalanma problemləri, habelə mədə-bağırsaq xəstəliklərinin çox olduğuna diqqət çəkərək əlavə edir ki, “həbsxanalarda ən çox mədə-bağırsaq xəstəlikləri var. Bir də diş və diş əti infeksiyaları... Məhbuslar dəva-dərmanı öz xərcləri ilə alır. Həbsxana xaricindəki həkimlərə göndərəndə, onun da xərci məhbusdan alınır. Hətta mən şahid olurdum ki, məhbusların bir sırasının əməliyyata ehtiyacları olurdu amma pulları olmadığı üçün göndərilmirdilər.”
Mehdi Kuxiyan əlavə edir, “səhiyyə məsələsində siyasi məhbuslara çox basqı olur. Hətta məni bir dəfə xəstəxana xaricində həkimə göndərdikləri zaman əllərimə və ayaqlarıma qandal vurmuşdular.”
O, siyasi məhbusların durumu haqqında deyir ki, “siyasi məhbuslar bölməsi adında bir bölmə yoxdur. Halbuki, qaydalara görə, məhbusların bölmələləri ittihamlara görə ayrılmalıdır. Siyasi məhbuslar soyğunçuluq və maliyyə qanunsuzluqları və narkotik maddə ilə bağlı saxlanılan məhbuslarla bir yerdə qalırlar... Məzuniyyət üçün sərəncam çıxdığında da, ümumiyyətlə siyasi məhbuslara vermirlər bu haqqı.”