Accessibility links

Ali Məhkəmə jurnalistin həbs müddətini bir il azaldıb


Ali Məhkəmə jurnalistin həbs müddətini bir il azaldıb
please wait

No media source currently available

0:00 0:02:21 0:00

Azərbaycanın Ali Məhkəməsi sentyabrın 26-da hakim Hafiz Nəsibovun sədrliyi ilə jam.az saytının rəhbəri Fikrət Fərəməzoğlunun (İbişbəyli) kassasiya şikayətinə baxıb.

Jurnalist 2016-cı ilin iyulunda pul tələbetmə ittihamı ilə (Cinayət Məcəlləsinin 182-ci maddəsi) həbs edilib.

2017-ci il iyunun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsi Fərəməzoğlunu 7 il müddətinə azadlıqdan məhrum edib. Ötən ilin sentyabrında Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

İstintaqın versiyasına görə, Fərəməzoğlu müxtəlif kommersiya obyektlərinin sahiblərindən pul tələb edib. Amma, jurnalistin özünün iddiasına görə, bu obyektlərdə əxlaqsızlıq yuvaları gizlənirdi, o da öz materiallarında bu barədə yazıb.

Vəkil Elçin Sadıqov Ali Məhkəmənin bugünki qərarı ilə bağlı Amerikanın Səsinə müsahibəsində bildirib ki, ibtidai istintaq və birinci instansiya məhkəməsində təhqiqat qanun pozuntuları ilə keçirilib.

Birinci instansiya məhkəməsi obyektiv araşdırma aparmayıb və jurnalistin təqsirsizliyinin isbatına yönəlmiş vəsatətlərin heç birini təmin etməyib. Jurnalistin işgəncələrlə bağlı şikayətlərinə məhkəmələr baxmayıb. Apellyasiya Məhkəməsi də müdafiə tərəfinin vəsatətlərini təmin etməyib.

Fərəməzoğlunun ifadələri altındakı imzalar saxtalaşdırılıb. Həmçinin, şahidlərdən birinin imzası saxtalaşdırılıb, o, məhkəmədə bildirib ki, ifadələri imzalamayıb.

Vəkil həmçinin qeyd edib ki, "cinayətin" törədildiyi anda Fərəməzoğlu ölkədə olmayıb, amma məhkəmə Dövlət Sərhəd Xidmətinə bu faktın yoxlanılması üçün sorğu göndərilməsi haqqında vəsatəti təmin etməyib.

Müdafiə tərəfi hesab edir ki, istintaqın qərəzli olmasından başqa, işdə səhih dəlillər yoxdur və o, jurnalistə bəraət verilməsini xahiş edib. Amma prokuror Ramiz Alverdiyev əvvəlki instansiyaların qərarlarını qüvvədə saxlamağı xahiş edib.

Nəticədə, Ali Məhkəmə hökmü qismən yumşaldıb. Belə ki, "böyük ziyan vurulması" ittihamı ləğv edilib. Beləliklə, Ali Məhkəmə azadlıqdan məhrumetmə cəzasının müddətini 7 ildən 6 ilə qədər azaldıb.

Müdafiə tərəfi Ali Məhkəmənin qərarı ilə razı deyil və Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verəcək. Jurnalistin həyat yoldaşı Faiqə Növrəsli Amerikanın Səsinə müsahibəsində bildirib ki, Avropa Məhkəməsi Fərəməzoğlunun işgəncə ilə bağlı şikayətlərinin araşdırılmasına başlayıb.

Faiqə Növrəsli həyat yoldaşının səhhətində ciddi problemlərin olduğunu deyib. Onun sözlərinə görə müalicə müəssisəsində Fərəməzoğluna müalicə üçün çoxsaylı dərmanlar yazıblar.

“Amma müalicə müəssisəsi onun səhhətində ciddi problein olmadığını bildirib. Əgər problem yoxdursa, onların yazdıqları resertdəki çoxsaylı dərmanlar nə üçündür? Həyat yoldaşımın böyrəklərində ciddi problem var və psixikası pozulub”, o qeyd edib.

XS
SM
MD
LG