Avqustun 8-də Səbael Rayon Məhkəməsi hakim Şahin Abdullayevin sədrliyilə xural.com saytına, hakim Elmar Rəhimovun sədrliyi ilə arqument.az saytına, Yasamal Rayon Məhkəməsi isə haklim Ayaz Məmmədovun sədrliyi ilə monitortv.info saytına girişin Azərbaycan ərazisində bloklanması barədə qərar qəbul edib. Bu barədə saytların rəhbərləri Əvəz Zeynallı, Şəmşad Ağa və İsmayıl İslamoğlu Amerikanın Səsinə bildirib.
Saytlara Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti əvvəlcə xəbərdarlıq ünvanlayıb və sonra məhkəməyə müraciət edib.
Mərkəz xural.com saytında dərc edilən“Kibertəhlükəsizlik haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” məqalələrdə qanunların pozulduğunu bildirib.
Əsasən söhbət Gəncənin icra hakimiyyəti başçısı Elmar Vəliyevə sui-qəsd, Sabunçu xəstəxanasında xəstələrin ölümü, baş nazirin müavini Əli Həsənovun nəvəsinin vaxtından əvvəl azadlığa buraxılması, bloger Mehman Hüseynova ölüm ayağında olan anası ilə görüşünə icazə verilməməsi ilə bağlı 4 yazıdan gedir.
Saytın redaktoru Əvəz Zeynallı Amerikanın Səsinə deyib ki, sözügedən materialların saytdan çıxarılması barədə Elektron Təhlükəsizlik Xidmətindən xəbərdarlıq almayıb. Məhkəməyə müraciət barədə bu gün səhər məhkəmədən edilən telefon zəngindən sonra xəbər tutub.
Redaksiya digər informasiya resurslarının, əsasən Turan İnformasiya Agentliyinin məhsulu olan üç yazını saytdan çıxarıb. Əli Həsənovun nəvəsinin barəsində yazı ilə bağlı isə özünün haqlı olduğunu təkid edir.
Redaksiyanın vəkili Zibeydə Sadıqova deyib ki, redaksiyaya qarşı irəli sürülən iddialar Elektron Təhlükəsizlik Xidmətinin səlahiyyət predmeti deyil və diffamasiya sahəsinə aiddir.
Böhtan və təhqir məsələləri ilə bağlı iddiaçı qismində fərdi şəxslər çıxış etməlidirlər və iddialara diffamasiyaya dair məhkəmə iclaslarında baxılmalıdır.
Vəkil linqvistika ekspertizası və xural.com saytının qanunu pozduğunu hesab edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nümayəndələrinin məhkəməyə çağırılması barədə vəsatət qaldırıb. Ancaq məhkəmə vəsatətləri təmin etməyərək xural.com saytının bloklanması barədə qərar qəbul edib.
Arqument.az saytına avqustun 6-da xəbərdarlıq göndərilib.
Arqument.az saytının rəhbəri Şəmşad Ağa bildirib ki, Elektron Təhlükəsizlik Xidməti “Laçınlılar icra başçısından narazı olduqlarını deyirlər” və “Rayon sakinləri: İcra başçısı və Qorxmaz Hüseynov Lerikdə qarşıdurma yaradır” sərlövhəli məqalələrin saytdan çıxarılmasını istəyib.
Məqalələr saytdan silinmədiyinə görə Elektron Təhlükəsizlik Mərkəzi məhkəməyə müraciət edib.
Ş.Ağa Amerikanın Səsinə deyib ki, məhkəmənin diqqətinə yazıların rayonlardakı sosial problemlərdən bəhs etdiyini çatdırıb.
“Bildirdim ki, həmin yazılar istinadla və tərəflərin mövqeyi alınmaqla dərc olunub. Sayta xəbərdarlıq isə siyasi sifarişdir və mediaya qarşı hakimiyyətin apardığı repressiyanın davamıdır”, Şəmşad Ağa qeyd edib.
O məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.
“Şikayətimiz təmin edilməsə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik”, Ş.Ağa qeyd edib.
Monitortv.info saytının rəhbəri İsmayıl İslamoğlu Amerikanın Səsinə bildirib ki, məhkəmə Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovla bağlı əsasən iki yazını, - “Əli Həsənov nəyə görə məzuniyyətə göndərilir? – Həsən”ağa”nın dövrü bitir”, “Əli Həsənovun biznes imperiyası – Azərbaycan mətbuatının qara qutusu (faktlar)” başlıqlı məqalələri əsas gətirərək saytın bloklanması barədə qərar qəbul edib.
“Məqalələr faktlara söykənərək yazılıb. Məhkəmə yazıdakı faktlara qiymət vermədən qərar qəbul etdi. Qərardan apellyasiya şikayəti verəcəm”, o qeyd edib.
Xatırladaq ki, məhkəmələr son iki gündə dörd saytın, - az24saat.org, xural.com, arqument.az, monitortv.info saytlarının bloklanması barədə qərar qəbul edib.
Saytların bloklaanması 2017-ci ilin martından başlanıb. Belə ki, heç bir xəbərdarlıq edilmədən AzadlıqRadiosunun azadliq.org, “Azadlıq” qəzetinin azadliq.info, MeydanTV-nin meydan.tv, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və “Azərbaycan saatı” televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb. Yalnız 2017-ci il mayın 12-də Səbael Rayon Məhkəməsi bu saytlara girişin bloklanması ilə bağlı qərar qəbul edib.
Xatırladaq ki, 2017-ci ilin martın 10-da Milli Məclis “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlara dəyişiklik edərək internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydalarını qəbul edilib.