Aprelin 3-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində Vergilər Nazirliyinin araşdırmaçı jurnalist Xədicə İsmayılovadan 63 138 manat məbləğində vergi borcunun alınması haqqında iddiasına baxılması davam edib.
2017-ci ilin noyabrında Vergilər Nazirliyinin iddiası əsasında Xədicə İsmayılovanın bank hesabı dondurulub.
Xədicə İsmayılova Amerikanın Səsinə müsahibəsində bildirib ki, məhkəmə iclasında o və nümayəndəsi Yalçın İmanov iki vəsatətlə çıxış edib.
"Vəsatətlərdən biri "Azadlıq Radiosu"nun Azərbaycan nümayəndəliyinin üçüncü tərəf kimi cəlb edilməsi idi. İkinci vəsatət Ali Məhkəmənin mənim işinm üzrə 25 may 2016-cı il tarixli qərarının işə əlavə edilməsi ilə bağlı idi. Bu qərar üzrə 179-cu (mənimsəmə və ya israf) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) bəraət verilməsi ilə əlaqədar real müddət şərti cəza ilə əvəz olunub", o qeyd edib.
İsmayılova 2008-ci ilin iyulundan 2010-cu ilin oktyabrınadək "Azadlıq Radiosu"nun Bakı bürosunun rəhbəri olarkən 45 145 manat ölçüdə gəlir vergisinin ödənişindən yayınmaqda ittiham olunurdu.
Onu həmçinin işçilərdən 14% gəlir vergisi tutulmasından yayınmaq məqsədilə onlarla xidmət müqaviləsi bağlamaqda ittiham ediblər.
İstintaq onu büdcəyə ümumilikdə 17.992 manat ödəməməkdə ittiham edib.
Vəkilin sözlərinə görə, İsmayılova 179-cu maddə ilə bu məbləğlə ittiham olunub, amma həmin maddə üzrə bəraət alıb.
Öz növbəsində, Vergilər Nazirliyinin nümayəndəsi "Azadlıq Radiosu"nun nümayəndəliyinin üçüncü tərəf kimi cəlb edilməsinə qarşı çıxıb.
Ali Məhkəmənin qərarının əlavə edilməsinə gəlincə, o, Vergilər Nazirliyinin mövqeyini müəyyənləşdirmək üçün vaxt istəyib.
İsmayılova ittihamları absurd adlandırıb. "Mən "Azadlıq Radiosu"nun Bakı Bürosunun rəhbəri olarkən yaradıcılıq məsələləri ilə məşğul olurdum və maliyyə işləri mənə aid məsələ deyildi", o qeyd edib.
İsmayılova həmçinin iddianın ona qarşı qisas xarakteri daçşıdığını bildirib. Jurnalist deyib ki, onun bank hesablarına həbs qoyulub.
"Mən bank hesabıma köçürülmüş mqkafatlarımdan ailə üzvümün səhiyyə xərcləri üçün belə istifadəə edə bilmədim. Buna görə, Azərbaycan hökuməti məsuliyyət daşıyır", o, məhkəmədə belə deyib.
Məhkəmə iclası aprelin 17-də davam edəcək, həmin iclasda vəsatətlərlə bağlı qərarlar elan ediləcək.
İsmayılova 2015-ci il dekabrın 5-də həbs edilib və CM-in 179.3.2 (böyük ölçüdə mənimsəmə və israf), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödənişindən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 7,5 il müddətinə azadlıqdan məhrum edilib.
Jurnalist ittihamları təkzib edib, məhz korrupsiya əleyhinə araşdırmalarına görə həbs edildiyini bəyan edib.
2016-cı il mayın 25-də Ali Məhkəmə onu həbsdən azad edib, həbs cəzasını 3,5 il şərti azadlıqdan məhrumetmə cəzası ilə əvəz edib və ona qarşı 179 və 308-ci maddələrlə ittihamları ləğv edib.