Accessibility links

Əfqan Muxtarlı Gürcüstan Parlamentinə müraciət edib


Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Hazırda həbsdə olan jurnalist Əfqan Muxtarlı Tbilisidə oğurlanmasının və Azərbaycana təhvil verilməsinin araşdırılması üçün komissiya yaratmaq çağırışı ilə Gürcüstan Parlamentinə müraciət edib.

"Mənim kriminal keçmişim yoxdur. Gürcüstanda yaşadığım müddətdə Gürcüstan qanunlarını pozmamışam. Tbilisidən oğurlanmışam və qanunsuz olaraq Laqodexi sərhəd keçid məntəqəsində Azərbaycanın xüsusi-xidmət orqanı əməkdaşlarına təhvil verilmişəm", jurnalistin müraciətində bildirilir.

O qeyd edir ki, oğurlanmasının və həbsinin səbəbi Azərbaycanda korrupsiya haqqında jurnalist araşdırmaları olub.

Muxtarlı qeyd edir ki, həmişə araşdırmaçı jurnalistika ilə məşğul olub, Gürcüstan hakimiyyətini, parlament çoxluğuna malik olan "Gürcü Arzusu" partiyasını tənqid edib.

"Mənim tənqidlərim Gürcüstan hökumətini də narahat erirdi. Saxlanmağım və qanunsuz olaraq Azərbaycana təhvil verilməyim Azərbaycan hökuməti ilə bərabər Gürcüstan hökumətinə də sərf edirdi. Çünki mən həbs olunmaqla susdurulacaqdım", Muxtarlı yazır.

Muxtarlı mayın 29-da Tbilisidə müəmmalı şəkildə Azərbaycana gətirilib, burada ona qarşı Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə), 318.1 (sərhədi qanunsuz keçmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

XS
SM
MD
LG