Accessibility links

Mehman Əliyevin telefon danışığı və ailəsi ilə görüşünə məhdudiyyət qoyulub


Turan Informasiya agentliyinin direktoru Mehman Əliyevin telefon danışıqları və ailə üzvləri ilə görüş hüququna məhdudiyyət qoyulub. Bu barədə vəkili Fariz Namazlı bildirib.

Sentyabrın 7-də 1 saylı Bakı İstintaq Təcridxanasında Mehman Əliyevlə görüşdən sonra vəkil deyib ki, məhdudiyyət Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktorunun müavini Qurban Mehrəliyevin 30 avqust 2017-ci il tarixli qərarı əsasında tətbiq olunub.

Fariz Namazlı Mehman Əliyevin telefon danışığı və görüş hüququnun məhdudlaşdırılmasını qanunsuz və əsassız sayır.

Vəkil məhdudiyyət qərarının surətini almaq üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə müraciət edəcək.

"Mehman Əliyev vergi cinayətində ittiham olunur. Onun telefon zəngləri və görüş hüququnun məhdudlaşdırılmasının hüquqi və məntiqi əsası yoxdur. Başa düşmək olmur ki, niyə məhdudlaşdırıblar. Mehman Əliyev qatı cinayətkar, mütəşəkkil dəstənin üzvü deyil ki, bu cür məhdudlaşdırma ilə onun digər qrup üzvləri ilə əlaqəyə girməsinin qarşısı alınsın. Bu baxımdan qərar tam əsassız və qanunsuzdur", Namazlı deyib.

Mehman Əliyev avqustun 24-də dindirilməyə çağırılıb və şübhəli şəxs qismində tutulub. Avqustun 25-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 7-nə qədər həbs-qətimkan tədbiri seçilib.

M.Əliyevə Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.

Vergilər Nazirliyi avqustun 8-də Turan Agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Avqustun 17-də agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

Avqustun 31-i agentliyin kollektivi bəyan edib ki, Turan İnformasiya Agentliyi kommersiya qurumu kimi fəaliyyətini dayandırır. Ancaq "Turan"da çalışanlar sayt vasitəsilə fəaliyyətlərini könüllülük əsasında davam etdirirlər. Agentliyin əməkdaşları hələ də istintaqa çağırılmaqdadırlar.

XS
SM
MD
LG