Accessibility links

Siyasi məhbusların ictimai alyansı Faiq Əmirlinin azadlığa buraxılmasını tələb edib


Faiq Əmirli
Faiq Əmirli

"Siyasi məhbuslarsız Azərbaycan" İctimai Alyansı "Azadlıq" qəzetinin maliyyə direktoru Faiq Əmirlinin azadlığa buraxılmasını və qanunsuz saxlanmaya görə ona kompensasiya ödənilməsini tələb edib.

"Biz, keçmiş siyasi məhbuslar Faiq Əmirlinin həbsini AXCP-yə və azad mətbuata qarşı repressiyaların davamı hesab edirik", alyansın bəyanatında deyilir.

Qeyd olunur ki, Faiq Əmirli Səbael Rayon Məhkəməsinin hökmü ilə 3.3 il azadlıqdan məhrum edilib və 39 min manat həcmində cərimə olunub.

F. Əmirli 2016-cı il avqustun 20-də saxlanılıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (KİV-dən istifadə etməklə milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub.

2017-ci il aprelin 17-də ona yeni ittihamlar irəli sürülüb - Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (vergidən yayınma) və 308-ci maddəsi (vəzifə səlahiyyətindən sui-istifadə).

"Həbs prosesi, ittihamların irəli sürülməsi prosessual qanunvericiliyin kobud pozulması ilə həyata keçirilib. Məhkəmə çəkişməsi zamanı vəkillərin vəsatətləri, o cümlədən onun səhhətilə bağlı vəsatət təmin olunmayıb və F.Əmirli lazımi tibbi yardımdan məhrum edilib", sənəddə deyilir.

Alyans F.Əmirlinin fiziki durumunun ağır olması ilə bağlı tibbi rəyi Avropa Şurası Parlament Assambleyasının məruzəçisi Alen Desteksə təqdim edib.

Bəyanatada bildirilir ki, F.Əmirliyə qarşı Avropa İnsan Hüquqları Konvensiyasının bir neçə maddəsi pozulub:

"Maddə 1. İnsan hüquqlarına əməl edilməsi öhdəlikləri;

Maddə 6. Ədalətli məhkəmə çəkişməsi hüququ;

Maddə 7. Yalnız qanun əsasında cəzalandırma;

Maddə 13.Effektiv hüquqi müdafiə hüququ".

Alyans bildirir ki, hazırda siyasi məhbusların siyahısında 14 jurnalist, bloger, yazıçı var.

Öz növbəsində, rəsmi Bakı ölkədə siyasi məhbyusların olması barədə məlumatları birmənalı qəbul etmir. Dövlət rəsmiləri ölkədə bütün insanların qanun qarşısında bərabər olduğunu, söz və media azadlığının təmin olunduğunu bəyan edir.

Bununla yanaşı, bir sıra hüquq müdafiə təşkilatları ölkədə 160-dan çox insani siyasi məhbus kimi tanıdığını bildirib. Amnesty İntetrnational Azərbaycanda ondan çox insanı "vicdan məhbusu" elan edib.

XS
SM
MD
LG