Accessibility links

Jurnalist Xədicə İsmayılın adına bilərzik hazırlanır


Xədicə İsmayıl
Xədicə İsmayıl

ABŞ-ın Merilend Universitetinin tələbələri həbsdə olan jurnalistlərin adları həkk edilmiş bilərziklər hazırlamaq üçün pul toplayır.

Bu barədə Azadlıq radiosu Associated Press agentliyinə istinadən xəbər verir.

Məqsəd həmin jurnalistlər barədə dünyanı məlumatlandırmaqdır.

Merilend Universitetinin Jurnalistika Məktəbinin tələbələri bunu Qandalsız Mətbuat kampaniyası adı altında edir.

Bu iş Washington Post-un Pulitzer mükafatı almış müxbiri, jurnalistika professoru Dana Pristin rəhbərliyi altında həyata keçirilir.

Universitetin məzunu, layihənin sözçüsü Rosmari Ostmann deyir ki, satışdan əldə olunan gəlir bütünlüklə Jurnalistləri Müdafiə Komitəsinə (CPJ) yardım formasında veriləcək:

“Vəsait toplamaq və həbsdə olan 221 jurnalistə kömək etməklə yanaşı, Dana və komandası göstərmək istəyir ki, xəbər hazırlamaq nəyin bahasına başa gəlir, azad və firavan cəmiyyət üçün həqiqət necə vacibdir”.

Bilərziklərin üzərinə adları həkk olunacaq jurnalistlər arasında Azərbaycandan Xədicə İsmayılın adı da var. Digər jurnalistlərin adları isə bunlardır:

Ammar Abdulrasool (Bəhreyn)

Mahmoud Abou Zeid (Misir)

Reeyot Alemu (Efiopiya)

Bheki Makhubu (Svazilend)

Ta Phong Tan (Vyetnam)

Jason Rezaian (İran)

Yusuf Ruzimuradov (Özbəkistan)

Ilham Tohti (Çin)

Azadlıq Radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıl ötən il dekabrın 5-də həbs olunub.

Əvvəlcə «özünü öldürmə həddinə çatdırma» maddəsi ilə ittiham olunan jurnalistə daha sonra mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui istifadə ittihamları irəli sürülüb və bütün ittihamlar bir icraatda birləşdirilib.

Bu ittihamlara görə Xədicə İsmayılı 12 ilədək həbs gözləyir.

Xədicə İsmayıl bunu absurd hesab edir və irəli sürülmüş ittihamlarla özünü təqsirli saymır.

XS
SM
MD
LG