“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin 10-cu ildönümü ilə əlaqədar onun qəbri başında keçirilən aksiyanın qətnaməsi yayılıb.
Sənəddə deyilir ki, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun - Azərbaycan cəmiyyətinin və hakimiyyətinin nöqsanlarının barışmaz tənqidçisinin qətlindən 10 il ötür.
O, 2005-ci il martın 2-də evinin kandarında güllələnərək qətlə yetirilib, amma indiyədək cinayətin təşkilatçıları və icraçıları məsuliyyətə cəlb edilməyib.
“Elmar Hüseynovun qətli Azərbaycanda söz azadlığının boğulması siyasətinin növbəti səhifəsini açıb, bu, növbəti qətllə - publisist Rafiq Tağının qətli ilə, hakimiyyətin ölkə həyatnın müxtəlif sahələrindəki siyasətinə qarşı tənqidi əhval-ruhiyyədə olan jurnalistlərin, blogerlərin amansız döyülməsi, həbsləri ilə səciyyələnib”, qətnamədə deyilir.
Aksiya iştirakçıları hesab edir ki, müstəqil KİV-in iqrisadi əsasları tamamilə sarsıdılıb, mətbuatın rejim tərəfindən qeyri-leqal maliyyələşməsi isə görünməmiş miqyas alıb və medianın idarə edilməsində daha bir vasitəyə çevrilib.
“Azərbaycan KİV-lərində obyektivlik, tarazlılıq, plüralizm, həqiqətə xidmət etmək kimi prinsiplər, demək olar ki, unudulub. Bu vəziyyət KİV tərəfindən yanlış yönləndirilən cəmiyyətə və ictimai münasibətlərə ciddi zərbə vurur ki, bu da yanlış qərarların qəbul edilməsinə və həqiqətin qeyri-adekvat dərk edilməsinə gətirib çıxarır. Bu informasiya siyasəti iqtisadi, siyasi, əxlaqi böhran zolağına qədəm qoymuş cəmiyyətin həyatının bütün sahələrində əksini tapır. Bu böhrandan çıxış yolu ilk növbədə sağlam demokratik dövlətin təməl daşı olan söz azadlığının tamamilə bərpa edilməsi ola bilər”.
Sənəddə Azərbaycan hakimiyyətini aşağıdakılara çağırılır:
1. Elmar Hüseynovun, Rafiq Tağının qətlinin təşkilatçıları və icraçıları məsuliyyətə cəlb edilsin.
2. KİV-in boğulması siyasətinə son qoyulsun.
3. Bütün jurnalistlər və blogerlər həbsdən azad edilsin.
4. Jurnalistlərə qarşı cinayət işlərinə son qoyulsun.
5. Diffamasiya haqqında qanun qəbul edilsin.
6. Şəffaflıq, ədalətli rəqabət əsasında azad iqtisadi inkişaf üçün şərait yaradılsın.
7. KİV-in reklam bazarının həcmi beynəlxalq standartlara - ÜDM-in 1%-nə çatdırılsın, burada ən az 50% çap və onlayn medianın payına düşməlidir.
8. Qəzet köşklərinin sayı beynəlxalq standartlara - 1,5 min nəfərə 1 köşkə çatdırılsın, həmçinin, ticarət obyektlərində, yanacaqdoldurma məntəqələrində və şəhərin küçələrində qəzetlərin maneəsiz satışı təmin edilsin.
9. Onlayn medianın keyfiyyətinin və əlçatanlığının artırılması məqsədilə internetin beynəlxalq standartlara uyğun həm keyfiyyət, həm də qiymət səviyyəsi təmin edilsin.
10. Azərbaycanda söz və KİV azadlığının təmin edilməsi üzrə dövlət proqramı qəbul edilsin.
***
Bu gün “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun qətlindən 10 il ötür. O, 2005-ci il martın 2-də evinin astanasında bir odlu silahdan açılan neçə atəşlə qətlə yetirilib.
Ənənəvi olaraq, hər il martın 2-də Elmarın həmkarları, demokratik ictimaiyyətin nümayəndələri – müxalifət partiyalarının, vətəndaş cəmiyyəti institutlarının rəhbərləri və fəalları onun məzarı başında toplaşır.
Turan agentliyinin direktoru Mehman Əliyev deyib ki, ötən 10 il ərzində hələ də cinayətin icraçıları və sifarişçiləri tapılmayıb.
Bu zaman o xatırladıb ki, güllələrdən biri Elmarın ağzına atılıb ki, bu da onun susdurmaq üçün qətlə yetirildiyinin sübutu idi.
Elmarın qətli mətbuat azadlığına qarşı total hücumların başlanğıcını qoydu və bu gün Azərbaycan mətbuatında deqradasiya baş verir. Əliyev bu günki aksiyada, demək olar ki, “media kapitanlarının” – KİV rəhbərlərinin olmadığına diqqət çəkib.
Bu gün mətbuat və telekanallardan hadisələrin işıqlandırılması üçün deyil, ictimai rəyin manipulyasiyası üçün istifadə olunur.
Lakin söz azadlığını tamamilə boğmaq mümkün olmur, belə ki, İnternetdə, xüsusən sosial mediada azad fikir bildirmək imkanı yaranıb.
M.Əliyev ötən on ili itirilmiş illər adlandırıb, o hesab edir ki, hazırki böhran qanunvericiliyə və demokratik azadlıqların boğulmasının nəticəsinə çevrilib.
Lakin Azərbaycanda demokratik dəyişikliklər uğrunda mübarizə sonda uğurla nəticələnir, bu mübarizədə Elmar mənəvi istiqamətçi olaraq qalacaq, deyə o qeyd edib.
Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri Cəmil Həsənli 10 il əvvəlki hadisələrə qısa ekskursiya edərək qeyd edib ki, avtoritar ölkələrdə azadlıq və demokratiya müdafiəçilərindən heç kim qətldən sığortalanmayıb, buna görə demokratiya uğrunda mübarizəni dayandırmaq olmaz.
Müsavat Partiyasının rəhbəri Arif Hacılı bildirib ki, 10 il ərzində ölkədə siyasi vəziyyət yalnız pisləşib və hazırda Azərbaycanda vəziyyət Rusiyada, Belarusda və digər avtoritar ölkələrdə olduğundan daha pisdir. Azərbaycanda 100-dən çox siyasi məhbus var – Rusiya və Belarusda olduğundan daha çox.
Xalq Partiyasının lideri Pənah Hüseyn xatırladıb ki, İlham Əliyev şəxsən Elmar Hüseynovun qətlinin üstünün açılacağını vəd edib.
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bildirib ki, Elmarın qətlinə görə məsuliyyəti Əliyev rejimi daşıyır. O, Putin rejiminin aradan qaldırdığı Boris Nemtsovun qətli ilə paralel aparıb.
Hərbi jurnalist Üzeyir Cəfərov da jurnalistikanın deqradasiyaya uğradığını deyərək, qəzetlərin KİV-ə Dövlət Dəstəyi Fondunun ayırdığı 10 min manata müstəqilliklərinə əlvida dediyini bildirib.
AXCP lideri Əli Kərimli deyib ki, hazırki repressiyalar fərqli düşüncə ilə yeni hesablaşma siyasətinin davamı olub.
Elmar Hüseynovun qətlindən sonra hakimiyyət başa düşüb ki, cəmiyyət daha bir siyasi qətlə dözməyəcək və öz əleyhdarlarını həbsxanalara atmağa başlayıb: Leyla Yunus, İntiqam Əliyev, İlqar Məmmədov, Seymur Həzi və başqaları.
Mərasimin sonunda qeyd edilib ki, adətən bu tədbiri Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitunun direktoru Emin Hüseynov təşkil edirdi, lakin hazırda o, özü gizlənmək məcburiyyətindədir.
Axşam saat 20:00-da Elmarın qətlə yetirildiyi evin qarşısında anım mərasimi keçiriləcək.