Dekabrın 2-də Bakının Binəqədi rayon Məhkəməsində hakim Sədrəddin Hacıyevin sədrliyi ilə jurnalist Xədicə İsmayılovaya qarşı proses davam edib.
İddiaçı qismində çıxış edən keçmiş müxalifətçi Elman Türkoğlu (Həsənov) İsmayılovanın facebook-da onun xüsusi xidmət orqanları tərəfindən müxalifət daxilində təxribatçılıq fəaliyyəti məqsədilə cəlb edildiyi haqqında sənəd yaymaqla böhtan atdığını iddia edir.
Jurnalist Xədicə İsmayılovanın Amerikanın səsinə verdiyi məlumata görə bu gün Elman Türkoğlu Xədicə İsmayılovaya qarşı ittihamı dəqiqləşdirmək barədə vəsatət verib. O, məhkəmə iclasında ittihamçı tərəfin iki vəsatətinə baxılıb.
Birinci vəsatətlə ittihamçı Elman Türkoğlunun vəkili Azər Quliyev Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı İdarəsindən alınmış sənədləri məhkəməyə təqdim edib.
Təqdim olunan sənədlər arasında 2014-cü ilin fevral, mart aylarında Xədicə İsmayılovanın “dövlət sirrinin yayılması” üzrə cinayət işinin istintaqında verdiyi ifadələr, Xədicə İsmayılovanın yaşayış yerindən və psixiki sağlamlığı barədə arayış, eləcə də Şəki rayon prokurorluğundan Elman Həsənovun 1992-ci ildə bu şəhərdə hər hansı cinayət törətmədiyi barədə arayış olub.
Xədicə İsmayılova ittihamçı tərəfdən özünün Elman Türkoğlunun adı göstərilən hər hansı sənədi yayması ilə bağlı sübut tələb edib.
Bu iclasda da İsmayılova, məhkəmə istintaqının başladılması üçün zəruri olan həmin sübutlar təqdim olunanadək ittihamçı tərəfin vəkili Azər Quliyevin hər hansı sualını cavablandırmaqdan imtina edib.
İkinci vəsatətlə Elman Türkoğlu irəli sürdüyü ittihamı dəqiqləşdirməklə yenidən Xədicə İsmayılovanın cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edib.
İlkin ittiham ərizəsində Xədicə İsmayılovanın 2014-cü ilin fevralında Elman Türkoğlu barədə məlumat yaydığı iddia olunurdu.
Yeni dəqiqləşdirmədə, Elman Türkoğlu Xədicə İsmayılovanın hələ 2011-ci ildə onun haqqında sənədlər yaydığını, sonra isə həmin sənədləri Facebook profilindən sildiyini iddia edir.
Vəkil Elton Quliyev bu vəsatətin hüquqi baxımdan düzgün olmadığını, Xədicə İsmayılova isə vəsatətdə göstərilən “yayıb, sonra silib” iddiasının heç bir sənədlə təsdiqlənmədiyini əsas gətirərək, bu vəsatətin qəbuledilməz olduğunu bildiriblər.
Hakim Sədrəddin Hacıyev vəsatəti qəbul edib.
Məhkəmə prosesi dekabrın 5-də 15:00-da davam edəcək.