Accessibility links

Media təşkilatları xarici jurnalistlərin Azərbaycandan deportasiyasını pisləyir


Media təşkilatları xarici jurnalistlərin Azərbaycandan deportasiyasını pisləyir
Media təşkilatları xarici jurnalistlərin Azərbaycandan deportasiyasını pisləyir

Beynəlxalq təşkilatlar hesab edir ki, indiyədək hakimiyyət yerli mətbuatın hüquqlarını pozurdusa, indi xarici jurnalistlərin hüquqlarını pozmağa başlayıb.

Beynəlxalq jurnalist təşkilatları aprelin 18-də üç isveçli jurnalistin ölkədən çıxarılmasına görə Azərbaycan hakimiyyətinin hərəkətini kəskin pisləyib.
“Sərhədsiz Reportyorlar” təşkilatının bəyanatında deyilir ki, indiyədək hakimiyyət yerli mətbuatın hüquqlarını pozurdusa, indi xarici jurnalistlərin hüquqlarını pozmağa başlayıb. Belə ki, təhlükəsizlik xidmətinin əməkdaşları aprelin 17-də üç isveçli jurnalisti saxlayıb. “Onlar “Sahil” bağında dayanaraq baş verənləri müşahidə edirmiş. Həmin jurnalistlərin həbsinə və onların ölkədən çıxarılmasına heç bir əsas yoxdur, çünki onlar heç nə çəkməyib”.

Sənəddə bildirilir ki, Azərbaycan hakimiyyəti etiraz aksiyaları haqqında informasiyanın yayılmasına yol verməmək üçün bütün mümkün mənbələrin qarşısını alır. Əsasən bu, əvvəlki mitinqlər zamanı jurnalistlərin hüquqlarının pozulması faktlarına aiddir. “Sərhədsiz Reportyorlar” Azərbaycan hakimiyyətini jurnalistləri “qapazaltı etməməyə” və onlara öz işlərini görməyə imkan verməyə çağırıb.

Öz növbəsində, Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi də Azərbaycanda insan hüquqları haqqında film çəkmək istəyən İsveç çəkiliş qrupunun ölkədən çıxarılmasına görə ölkə hakimiyyətinin hərəkətini pisləyib. “Biz isveçli jurnalistlərin qanunsuz saxlanmasını və ölkədən çıxarılmasını pisləyirik”, - deyə Jurnalistləri Müdafiə Komitəsinin nümayəndəsi Nina Oqnyanova bildirib.

O qeyd edib ki, jurnalistlərin vizası və Azərbaycanda işləmələri üçün qanuni əsasları olub.

XS
SM
MD
LG