Accessibility links

Milli Mətbuat günündə jurnalistlər həmkarlarının məzarlarını ziyarət edib [Video - Həsən bəy Zərdabinin nəvəsi nə deyir?]


Milli Mətbuat günündə jurnalistlər həmkarlarının məzarlarını ziyarət edib
please wait

No media source currently available

0:00 0:05:19 0:00

Milli Mətbuat günündə jurnalistlər həmkarlarının məzarlarını ziyarət edib

Onlar “ölkədə azad mətbuata sadiq insanlar var” mesajını veriblər

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Media Hüququ İnstitutu, Turan İnformasiya Agentliyi və “Azadlıq” qəzetinin bir qrup əməkdaşı Milli Mətbuat Günü münasibətilə Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin, müasir müstəqil mətbuatın yaradıcılarından biri Nəcəf Nəcəfovun, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun və Qarabağda həlak olan jurnalistlərin məzarlarını ziyarət ediblər.

Turan agentliyinin direktoru Mehman Əliyev qeyd edib ki, azad medianı dəstəkləyənlərin sayı azalsa da söz azadlığı qalib gələcək. E.Hüseynovun məzarı önündə çıxış edən M.Əliyev əmin olduğunu bildirib ki, tezliklə ölkədə böyük dəyişikliklər baş verəcək.

“Bu gün media azadlığı uğrunda mübarizə aparanların məzarını yad etməklə biz ictimaiyyətə mesaj göndəririk ki, ölkədə hələ də azad mətbuata sadiq insanlar var. Media azadlığı uğrunda mübarizə davam edir”, - M.Əliyev vurğulayıb.

Onun fikrincə, 1990-cı illərdə azad media daha da irəliləyib və ictimai rəyə, hadisə və proseslərin inkişafına təsir göstərib.

"Bir neçə il əvvəl Mətbuat Günündə həmkarlarımızın məzarına bizimlə birlikdə onlarla “media kapitanı” gəlirdi, indi onlar başqa tədbirlərə gedirlər. Belə olan şəraitdə mübarizə aparmaq çətindir, lakin şərəflidir. Azadlıqdan qiymətli heç nə ola bilməz, xüsusən də yaradıcı adamlar üçün. Bu yüksək dəyərdir və onu nə mənzil açarı, nə də başqa mükafatlar əvəz edə bilməz”, - İ.Əliyev bildirib.

“Azadlıq” qəzetinin şərhçisi Seymur Həziyev qeyd edib ki, 19-cu əsrin sonlarında, 20-ci əsrin əvvəllərində böyük maarifçilər Zərdabinin və Mirzə Ələkbər Sabirin söz azadlığı haqqında söylədikləri bu gün də aktualdır.

“Bu o demək deyil ki, dəyərlər dəyişib. Dəyərlər qalır, amma problemlər hələ də həllini tapmayıb”.

Elmar Hüseynovun qətlindən sonra bəzi həmkarlar hakimiyyətlə sövdələşməyə gediblər.

“Hazırda bu sövdələşmə başa çatıb, azad medianı dəstəkləyən fədakar jurnalistlərin sayı stabilləşib”, - S.Həziyev vurğulayıb.

RATİ-nin direktoru Emin Hüseynov Qarabağda həlak olan jurnalistlərin məzarı önündə çıxış edərək bildirib ki, jurnalistlər yalnız söz azadlığı uğrunda mübarizə aparmırlar, həm də Vətənin azadlığı uğrunda döyüşürlər. Onlar həqiqətin insanlara çatdırılması üçün həyatlarını qurban veriblər.

“Amma, iqtidar azad sözün carçısı olan jurnalistlərin, o cümlədən Elmar Hüseynovun və Rafiq Tağının qətlinin icraçılarını və sifarişçilərini tapmayıb. Onların qətlinin üstü açılacaq, özü də tezliklə açılacaq. Qətlin üstü açılnada indi qaranlıqda gizlənmiş çox adamların əsl siması görünəcəck”, o qeyd edib.

Həsən bəy Zərdabinin məzarının ziyarəti zamanı onun qohumları da orada idi. Onlar Zərdabi irsinə münasibətlə razılaşmır.

“Zədabinin həyat yoldaşı Bakı Qızlar Gimnaziyasının rəhbəri olmuş Həmidə xanımın nəşi də Zərdabinin məzarının yanında basdırlıb. Amma, Həmidə xanımın bu günə kimi qəbirüstü abidəsi yoxdur. Hələ Sovet dönəmində indiki “Azneft” meydanında Zərdabinin heykəlinin qoyulacağı ilə bağlı xatirə lövhəsi var idi. Sonradan həmin lövhə də götürülüb. Hazırda görkəmli yerlərdə Həsən bəy Zərdabinin heykəli də ucaldılmayıb”, deyə Zərdabinin nəvəsi Səttar Zərdabi Amerikanın Səsinə bildirib.

Səttar Zərdabinin özü isə 30 ildir yataqxanada yaşayır.
XS
SM
MD
LG