“Bəxt üzüyü” tamaşasında Hüseyn rolunun ifaçısı əməkdar artist Ayşad Məmmədov işdən azad edilib.
Bu barədə azadliq.info saytı məlumat yayıb.
Saytın məlumatına görə, aktyorun çalışdığı Akademik Milli Dram Teatrının rəhbərliyi Ayşad Məmmədovun işdən çıxarılması haqda əmr imzalayıb.
“Aktyorun işdən çıxarılmasının səbəbi isə ölkədə talançılığa, korrupsiyaya etiraz olaraq, siyasi məhbusların buraxılması tələbi ilə Milli Şuranın oktyabrın 7-də keçirdiyi mitinqdə iştirakı olub”, sayt qeyd edir.
Bir neçə gün öncə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev əməkdar artistlər – İlqar Cahangir və Ayşad Məmmədov, habelə aktyor Abbas Qəhrəmanovun mitinqdə iştirakı ilə bağlı açıqlama verib.
“Əfsuslar olsun ki, dövlət mükafatlarını almış bəzi insanlar bu yaxınlarda gedib dövlət əleyhinə çıxışlar zamanı öz səslərini ucaldıblar. Bu, heç bir mədəniyyət işçisinin daxili dünyasının zənginliyinə uyğun deyil. Əgər dövlət bizim əməyimizi qiymətləndirirsə, biz də onu qiymətləndirməliyik. Axırıncı baş verənlər olduqca təəssüfləndirici haldır”, nazir qeyd edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli mədəniyyət nazirinin yanaşmasına münasibət bildirərkən deyib ki, xalqına ədalət istəmək yüksək mədəniyyətdən, zəngin daxili aləmdən xəbər verir.
“Nə yaxşı ki, bu ölkədə hələ də xalqı ilə həmrəy olan aktyorlarımız, mədəniyyət xadimlərimiz, gerçək ziyalılarımız var! Hər zaman var olun!” o qeyd edib.
Bununla yanaşı, Amerikanın Səsinin müxbirinin xəbərlə bağlı nə Akademik Milli Dram Teatrın rəsmilərindən, nə də aktyorun özündən münasibət öyrənməsi mümkün olmayıb.
Eyni zamanda, Akademik Milli Teatrın rəsmi saytının aktyor truppası bölməsində (http://azdrama.az/%c9%99m%c9%99kdar-artistl%c9%99r-2) əməkdar artistlər arasında Ayşad Məmmədovun adı da var.