“Siyasi ideyalarımızı və insan haqlarını bir-birinə qarışdırırıq... Siyasi görüşlərimizi qarşımızdakı insanın ən təməl haqları hətta yaşam haqqından belə daha üstün görürük,” deyə Məcid Araz müxtəlif siyasi cərəyanlar o cümlədən, millətçi və solçu qrupların bölgədə baş verən olaylar və faciələrə yanaşma tərzini tənqid edir. Ankarada yaşayan güneyli fəal Amerikanın Səsi ilə söhbətdə İran Azərbaycanı və Türkiyədə fəaliyyət göstərən milli və sol təfəkkürlü qrupların müxtəlif etnik azlıqların üzləşdiyi basqı və qətliamlara fərqli reaksiyalar göstərmələrinin səbəbləri haqqında öz düşüncələrini paylaşııb.
İstər bizim, yəni Güney Azərbaycan ya Türkiyədə milli söyləmə sahib olanlar, istərsə sol söyləmli qruplar tərəfindən olsun, təpkilər təəssüflə daha çox ideoloji təpkilərdir.Məcid Araz
Keçən aylarda Çində Uyğur Türkləri və Suriyada türkmənlərin basqı və qətliama məruz qalması milli qrupların təpkisinə səbəb oldu. Ancaq, sol təfəkkürünə mənsub olan türklər ümumiyyətlə səssiz qaldı ya bəzi hallarda beynəlxalq insan haqları təşkilatlarının həmin basqılara dair bəyanatlarının doğruluğunu sual altına aldılar.
Suriyada kürdlərin yaşadığı Kobani şəhəri İŞİD-in hücumuna məruz qalanda isə solçu qruplar geniş təpki göstərərkən millətçi türklər ümumiyyətlə səssiz qalmağı tərcih etdi.
Məcid Araz insani faciələrə ideoloji yanaşmanın doğru olmadığını müdafiə edir:
“İstər bizim, yəni Güney Azərbaycan ya Türkiyədə milli söyləmə sahib olanlar, istərsə sol söyləmli qruplar tərəfindən olsun, təpkilər təəssüflə daha çox ideoloji təpkilərdir... Kobani məsələsində, sol qruplar aşırı dəstək verdilər. [O zaman] baxmayaraq ki mülki vətəndaşların çoxu Kobanidən çıxarılmışdı, ölənlər də oldu... Amma, eyni qruplar Doğu Türkistan və Suriya Türkmənlərinə dəstək verməməklə qalmayıb əks-təbliğat da apardılar.”
Məcid Araz millətçi qrupların da oxşar şəkildə davrandığını söyləyir.
“Eyni şəkildə bizim tərəfdən Doğu Türkistan və Suriya türklərinə geniş bir diqqət varkən Kobani məsələsinə çox soyuq yanaşıldı,” deyə Araz dilə gətirir.
Azərbaycan Milli Dirəniş Təşkilatının üzvü insan haqlarının siyasi qarşıdurmaların içində unudulduğunu önə çəkir:
Yəni biz Kobanidə PYD ya PKK-nın Suriya uzantısının siyasi görüşlərinə qarşı ola bilərik. Amma, orada normal kürd insanının haqqını tanımalıyıq... Eyni zamanda bir sol qrup türkmən bölgəsindəki siyasi düşüncəyə qarşı ola bilər. Amma, orada türkmən qadınlar, yaşlılar və uşaqlar var, başlarına bomba tökülür...
“Təbii ki bir siyasi təşkilatın öz siyasi görüşü vardır və hər olaya öz görüşü əsasında baxmalı və yanaşmalıdır. Amma, burada bir şeyi unuduruq. O da insan haqları məsələsidir. Yəni biz Kobanidə PYD ya PKK-nın Suriya uzantısının siyasi görüşlərinə qarşı ola bilərik. Amma, orada normal kürd insanının haqqını tanımalıyıq... Eyni zamanda bir sol qrup türkmən bölgəsindəki siyasi düşüncəni Türkiyəyə yaxın görə bilər, ona qarşı ola bilər, amma, orada türkmən qadınlar, yaşlılar və uşaqlar var, başlarına bomba tökülür... Bu qruplar burada insan haqlarını bir yana buraxıb, məsələyə tamamilə ideoloji baxırlar.”
Urmiyəli milli fəal həmçinin 1945-46-ci illərdə qurulmuş Milli Hökümət dönəmindən bu günə qədər İran Azərbaycanında sol düşüncənin toplumdaki mövqe və nüfuzu haqqında fikirlərini paylaşıb. Amerikanın Səsi ilə söhbətdə o, həm Türkiyə həm İran Azərbaycanında fəaliyyət göstərən sol qrupların hazırkı siyasi düşüncə və platformalarını dəyərləndirib.