1 May “Beynəlxalq Əmək Günü” - dünyanın 80-dən çox ölkəsində qeyd edilir. Hökümətlər 1 May yürüşlərinin keçirildiyi böyük şəhərlərdə polis işçilərinin sayını artırmaq və kütləni izləmək üçün dronlardan istifadə etməklə, təhlükəsizlik tədbirlərini gücləndirib.
1 May münasiblətilə bizneslər və idarələrin bağlandığı Yunanıstanda büdcədə qənaət etmək məqsədilə iqtisadiyyatdakı sərt addımlara qarşı etiraz edən yürüş iştirakçıları parlament binasının qarşısına toplaşıb. Keçən ildən bəri ölkə iqtisadiyyatında inkişaf müşahidə edilib.
Parisdə isə “sarı jiletlilərin” hökumətə qarşı keçirdiyi etiraz aksiyası zamanı baş verə biləcək ixtişaşların qarşısının alınması üçün şəhərə 7 min 400-dən çox polis yerləşdirilib, onlarla pilotsuz təyyarədən istifadə edilib. Son aylar ölkədə keçirilən etirazlar zorakılıqlarla nəticələnib.
Moskvada minlərlə insan 1 May gününü Qızıl Meydanda Rusiyanın “Müstəqil Həmkarlar İttifaqları Federasiyası”nın təşkil etdiyi mitinqə qatılıb.
Cakartada da 1 May günü minlərlə işçi müxtəlif yerlərdə yürüşlər keçirib. Yürüş iştirakçıları Cənub-Şərqi Asiyanın böyük iqtisadiyyatı olan bu ölkədə maaşların artırılmasını və inflyasiyanın qarşısının alınmasını tələb edib.
Almaniyada 20 minə qədər fəalın yürüş kecirdiyi Berlin şəhərinə 5 min 500 polis zabiti yerləşdirilib.
Türkiyədə də təhlükəsizlik tədbirləri gücləndirilib. İstanbulda 1 May gününün ənənəvi olaraq keçirildiyi Taksim Meydanı barrikadaya alınaraq, yürüşün keçirilməsinə icazə verilməyib. 1977-ci ildə 1 May günündə bu meydanda mitinqə toplaşanlara yaxınlıqdakı binadan atəş açılması nəticəsində 34 nəfər həyatını itirmişdi.