ABŞ müdafiə naziri Cim Mattis Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel Əl-Cubeyrlə görüşərək, İstanbulda Səudiyyə Ərəbistanının konsulluğunda jurnalist Camal Xaşuqcinin qətlinin şəffaf istintaqının əhəmiyyətini vurğulayıb.
Mattis şənbə günü Bəhreynin paytaxtı Manamada Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun Manama Dialoqu konfransının iştirakçıları qarşısında çıxışında deyib ki, Camal Xaşuqcinin diplomatik nümayəndəlikdə qətli hamını narahat etməlidir. “Hər hansı bir ölkənin beynəlxalq normalara və qanunun aliliyinə riayət etməməsi buna ən çox ehtiyac olduğu bir zaman regional sabitliyi pozur”-deyə, Mattis bildirib.
ABŞ müdafiə naziri dövlət katibi Mayk Pompeonun bəzi səudiyyəlilərin vizalarını ləğv etdiyini və qətlə görə “məsuliyyət daşıyanlara qarşı əlavə tədbirlərin nəzərdən keçirildiyini” bildirib.
Associated Press agentliyinin verdiyi məlumata əsasən, Səudiyyə Ərəbistanının baş prokuroru bazar günü Türkiyəyə səfər edəcək. Səud Əl-Mocebin Xaşuqcinin qətlininin istintaqını aparan Türkiyə təhqiqatçıları ilə görüşəcəyi gözlənilir.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel Əl-Cubeyr deyib ki, medianın Xaşuqcinin qətlini işıqlandırması “isterika” şəklini alıb. O, Səudiyyə Ərəbistanının səhvlərə yol verdiyini etiraf edib, lakin ölkəsinin qətllə əlaqədar şəffaf təhqiqat aparacağına söz verib.
Bu arada, Türkiyənin dövlət mediasının verdiyi məlumata görə, Türkiyə qətllə əlaqədar Səudiyyə Ərəbistanında həbs edilmiş 18 nəfərin ektradisiyasını istəyib.
Lakin Səudiyyə Ərəbistanının xarici işlər naziri səudiyyəlilərin istintaqının ölkənin özündə aparılacağını bildirib. “Ekstradisiya məsələsinə gəldikdə, onlar Səudiyyə Ərəbistanı vətəndaşlarıdır. Onlar Səudiyyə Ərəbistanında saxlanılıb və təhqiqat da Səudiyyə Ərəbistanında aparılır. Onlar Səudiyyə Ərəbistanında mühakimə olunacaqlar”-deyə, o bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü Səudiyyə Ərəbistanını Xaşuqcinin cəsədinin harada olduğunu və Səudiyyə Ərəbistanı konsulluğunda qətlə yetirildikdən sonra onun cəsədini gizlədən “yerli şəxs”in kimliyini açıqlamağa çağırıb.