Accessibility links

Ekspert rəyi: Karnegi Fondunun əməkdaşı Metyu Rejinski Qırğızistandakı hadisələri şərh edib


Ekspert rəyi: Karnegi Fondunun əməkdaşı Metyu Rejinski Qırğızistandakı hadisələri şərh edib
Ekspert rəyi: Karnegi Fondunun əməkdaşı Metyu Rejinski Qırğızistandakı hadisələri şərh edib

Karnegi Fondunun eksperti qeyd edir ki, hadisələr keçit dövründə görülməsi gözlənilən, parlament seçkilərinə gətirib çıxardacaq işlərin qarşısını alsa onda bu indiki hökumətin legitimliyini təhlükə qarşısında qoya bilər.

Vaşinqtonda yerləşən Kernegi Fondunun Avrasya proqramı direktorunun müavini Metyu Rejinski Qırğızistanın cənubunda etnik zəmində baş verən qanlı hadisələrin bir neçə amillə bağlı olduğunu deyir. O söyləyir ki, hazırki, hökumət zorakılıqların qarşısını ala bilməsə də çoxlu qırqız yenə də Bakıyevlə müqaisədə bu hökumətə üstünlük verərdi.

Metyu Rejinski Kırğızistanda baş verən qətllərdə devrilmiş prezident Bakıyevə yaxın müəyyən qüvvələrin rolu olduğunu istisna etmir. O hazırki, hökumətin imkanlarının məhdud olduğunu qeyri-sabit bir alyansdan əmələ gəldiyini də irəli sürür və qeyd edir ki, demokratik seçki yolu ilə hakimiyyətə gəlmiş bir hökumət daha nailiyyətli ola bilərdi: “Məncə, müvəqqəti hökumətin imkanları məhduddur. Bu siyasi cəhətdən nisbətən qeyri-sabit bir alyansdır. İctimai cəhətdən də demokratik seçkilər nəticəsində hakimiyyətə gəlmiş bir hökumətlə nəticə fərqli ola bilərdi.”

O deyir ki, çatışmazlıqlara baxmayaraq çoxlu qırqız Bakıyev hökuməti ilə müqayisə etdikdə indiki hökumətə üstünlük verir. Cənab Rejinski deyir ki, ölkənin cənubunda baş verən qətliamlarda görünür bir neçə faktor rol oynayıb: “Ehtimal ki, məsələdə bir neçə faktor rol oynayıb. Bunlardan biri süni şəkildə bölünmüş bir ərazidə yaşayan fərqli etnik qruplar arasındakı gərginlikdir. Burada sayları olduqca çox olan azı üç etnik qrup yaşayır. 90-cı il hadisələrini yada salsaq regionda zorakılıq hərəkətlərinin tarixi olduğunu xatırlayarıq. Bir də ki Bakıyevlə bağlı qrupların provokasiyası faktoru var. Nələrin baş verdiyi barədə məlumatlar gəlməkdə davam edir.Hadisələrdə bəzi qrupların siyasi məqsədlərinin rol oynadığı aydındır.”

Ekspert iğtişaşlarda Bakıyev ailəsinə yaxın qrupların rolunu, onların hətta provokasiyaları istiqamətləndirməsini və bunun üçün vəsait ayırmasını istisna etmir. Cənab Rejinski deyir ki, ziddiyyətli xəbərlər alınsa da, Qırğızistanda hazırki hökumətin zəif olduğu, iğtişaşların qarşısını alamadığı təsəvvürü əlbəttə Bakıyevin xeyrinədir. Metyu Rejinski deyir ki, Bakıyev öz hakimiyyətinin vaxtının keçdiyini qəbul etmir və fürsət gözləyir, heç olmasa bunu söyləmək mümkündür ki, o iğtişaşları passif şəkildə də olsa dəstəkləyib.

Qırğızistanda yüzlərlə insanın həyatını itirməsinə çoxu özbək 400 min insanın evindən eşiyindən didərgin düşməsinə, azı iki şəhərin dağıdılmasına səbəb olan zorakılıq hadisələri hazırki hökumətin ölkədə nəzarəti nə dərəcədə əlində saxladığı barədə sualların verilməsinə də səbəb olub. Cənab Rejinski bunu hökumətin müvəqqəti olması ilə əlaqələndirir və demokratik yollarla hakimiyyətə gəlmiş bir hökumətin nəzarətində vəziyyətin fərqli ola biləcəyini deyir: “Bu hökumət, onun mövcudluğu ideyası bu hökumətlə əlaqədar bütün plan və gözləntilər onun müvəqqəti olmağı ilə bağlıdır. Bu uzun müddət hakimiyyətdə qalmalı olan bir hökumət deyil. Bu hökumətin vəzifəsi ölkəyə yeni konstitusiya və parlament idarəsi gətirməkdir. Bu vəzifə isə referendum keçirilməsi, parlament seçkilərinin keçirilməsi, xanım Otunbayevanın hakimiyyəti əldən verməsindən ibarətdir.”

Karnegi Fondunun eksperti qeyd edir ki, əgər ölkədə iğtişaşlar və təhlükəsizlik vəziyyətinin pisləşməsi müvəqqəti hökumətin keçid dövründə görməsi gözlənilən yuxarıda sadalanan işləri görməsinin qarşısını alsa onda bu həmin hökumətin legitimliyini təhlükə qarşısında qoya bilər ki, əsl təhlükə budur. Cənab Rejinski bunu da qeyd edir ki, Qırğızistanda sabitliyin bərpası sahəsində ABŞ və Rusiya arasında əməkdaşlıq imkanı yaranıb.



XS
SM
MD
LG